Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan ABŞ prezidenti Donald Trampın hakimiyyəti dövründə iki ölkə arasında əlaqələrin müsbət məcrada inkişaf edəcəyini gözləyir.
Bunu Trend-ə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
Parlament sədrinin müavini əlavə edib ki, D.Trampın hakimiyyəti dövründə ABŞ-ın Cənubi Qafqaz üzrə siyasətinin necə qurulacağı, ABŞ-Azərbaycan əlaqələrinin hansı formada davam etdiriləcəyi barədə birmənalı şəkildə fikir yürüdülə bilməz.
Vitse-spiker qeyd edib ki, bu, ABŞ rəsmiləri tərəfindən bəyan ediləcək bir mövqe olmalıdır: “Biz ABŞ-la əlaqələrin necə olacağını təxmin edə bilərik. Təxminlərimizdə də bunun hər zaman müsbət məcrada inkişaf edəcəyini düşünürük və bunu gözləyirik. Çünki bizim özümüz münasibətlərin bu məcrada qurulmasında maraqlıyıq”.
B.Muradova bildirib ki, ABŞ-da yeni administrasiya qurulduqdan sonra ekspertlər tərəfindən bu və ya digər dəyişikliklərin olacağı barədə proqnozlar verilə bilər: “Birmənalı şəkildə hər kəsin vurğuladığı odur ki, ABŞ rəsmiləri dəyişə, onların mövqeyində müəyyən məsələlərlə bağlı dəyişikliklər ola bilər. Amma ümumilikdə ABŞ-ın strateji maraqları var. Yeni gələn şəxslər birmənalı olaraq, bu siyasətin ana xəttini əldə rəhbər tutmaq məcburiyyətindədirlər”.
B.Muradova bildirib ki, ABŞ-ın təkcə regionda deyil, eyni zamanda dünyadakı mövcud durumun sağlamlaşdırılması istiqamətində ölkələrin imkanlarının səfərbər edilərək bir araya gətirilməsi, bütün dünyanı təhdid edən təhlükələrə - terrror təhlükəsinə, seperatçılığa, etnik təmizləməyə, etnik və dini qarşıdurmaya qarşı əlaqələrin birləşdirilməsi üçün çox böyük imkanları var.
MM sədrinin müavini bu fikirdədir ki, ABŞ öz siyasətində bunu dəyərləndirəcək.