...

Batumidə Xocalı soyqırımının 25-ci ildönümü qeyd edilib (FOTO)

Siyasət Materials 24 Fevral 2017 10:30 (UTC +04:00)
Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğu tərəfindən fevralın 23-də Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş mərasim kecirilib.
Batumidə Xocalı soyqırımının 25-ci ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş konsulluğu tərəfindən fevralın 23-də Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş mərasim kecirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, Xocalı soyqırımı zamanı qətlə yetirilən azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov çıxış edərək, soyqırım haqqında qonaqlara ətraflı məlumat verib, bu faciənin Azərbaycan xalqının qan yaddaşında ən ağrılı səhifələrdən biri olduğunu deyib. Baş konsul qeyd edib ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.

Sonra Acarıstanın tanınmış gənc incəsənət xadimlərinın iştirakı ilə Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş gürcü dilində videoçarx nümayiş olunub. Baş konsulluğun təşəbbüsü ilə hazırlanan videoçarxda gürcü gənclər öz ana dillərində qardaş xalqın 25 il əvvəl başına gətirilən, insanlığa qarşı edilmiş cinayət əməli haqqında öz həmvətənlərinə məlumat veriblər. Videoçarxda gürcü gənclərin təqdimatı ilə yanaşı, Xocalıdan çəkilmiş videoxronikalar da yer alıb. Bu videoçarx Gürcüstan vətəndaşlarını Xocalı faciəsi haqqında düzgün məlumatlandırmaq və əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan bir addımdır.

Həmçinin “Xocalıda son gecə” sənədli film gürcü dilinə tərcümə olunaraq nümayış olunub.

Tədbirdə Acarıstanın dövlət qurumlarının təmsilçiləri, parlament üzvləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti, SOCAR şirkətinin Kulevi terminalının rəhbər heyəti və əməkdaşları, Batumidəki icmaların rəhbərləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirin keçirildiyi salonun foyesində Baş konsulluq tərəfindən gürcü dilinə tərcümə edilən “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı iştirakcılara təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti