...

Azay Quliyev: ATƏT-in Yerevan ofisinin bağlanmasında Ermənistan günahkardır

Siyasət Materials 5 May 2017 22:44 (UTC +04:00)
ATƏT-in Yerevan ofisinin bağlanmasında Ermənistan günahkardır
Azay Quliyev: ATƏT-in Yerevan ofisinin bağlanmasında Ermənistan günahkardır

Bakı. Elçin Mehdiyev - Trend:

ATƏT-in Yerevan ofisinin bağlanmasında Ermənistan günahkardır. Bunu Trend-ə açıqlamasında ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev qeyd edib: "Təəssüf ki, ATƏT-in Yerevan ofisi onun üçün müəyyən edilmiş mandatdan kənara çıxaraq Azərbaycanın işğal olunmuş ərazilərində “mina təmizləmə” prosesinə Ermənistan tərəfindən cəlb olunub və bu işə xeyli miqdarda vəsait xərclənib. Bu isə iki mühim prinsipin və razılaşmanın kobud şəkildə pozulmasına gətirib çıxarıb. Birinci, ümumi razılaşmaya görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk qrupu məşğul olduğu üçün ATƏT-in Bakı və Yerevan ofisləri bu məsələlərə cəlb olunmamalı idi. Lakin bu razılaşma Ermənistan tərəfindən pozuldu və qeyd etdiyim kimi Yerevan ofisi işğal olunmuş ərazilərdə mina təmizləmə əməliyyatına qoşuldu. İkinci, Yerevan ofisi cografi prinsipi pozaraq bu fəaliyyəti Ermənistanın sərhədlərindən kənarda, yəni Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdi. Bu isə beynəlxalq hüquq normalarını, xüsusilə ATƏT-in qəbul etdiyi ümumi prinsip və dəyərləri kobud şəkildə pozdu".

Onun sözlərinə görə, Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, Yerevan ofisi bu qanunsuz fəaliyyəti davam etdirirdi: "Təsəvvür edin ki, Azərbaycanın da ödədiyi vəsait hesabına fəaliyyət göstərən ATƏT-in Yerevan ofisi bu addımı ilə Ermənistanın işğalçılıq mövqelərinin möhkəmləndirilməsinə yardım etmiş olurdu. Buna isə dözmək mümkün deyildi".

A.Quliyev əlavə edib ki, Azərbaycan bu barədə öz narahatlığını daim ifadə etmiş və bu ilin əvvəllərində ATƏT-ə sədrlik edən Avstriyadan Yerevan ofisinin mandatına aydınlıq gətirilməsini və qeyd olunan pozuntuların aradan qaldırılmasını xahiş etmişdi:

"Lakin Ermənistanın ATƏT-in Yerevan ofisinin mandatının dəqiqləşdirilməsi ilə əlaqdər Avstriyanın irəli sürdüyü təklifləri və kompromis variantı rədd etməsi səbəbindən mandatın müddətinin uzadılması haqqında konsensus əldə olunmadı. Belə olduğu təqdirdə, ATƏT-ə sədrlik edən Avstriya Yerevan ofisinin bağlanması haqqında qərarı elan etməyə məcbur oldu. Yuxarıda qeyd olunan faktlara əsasən deyə bilərəm ki, ATƏT-in Yerevan ofisinin bağlanmasında Ermənistan günahkardır. Fürsətdən istifadə edib Avstriya hökumətinə, şəxsən xarici işlər naziri və ATƏT-in hazırkı sədri, Sebastian Kurtsa nümayiş etdirdiyi prinsipiallığa görə təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti