...

Deputat: Türkiyə-Azərbaycan münasibətləri regionda sabitliyin təminatçısı kimi çıxış edir

Siyasət Materials 1 Noyabr 2017 14:19 (UTC +04:00)
Türkiyə-Azərbaycan münasibətləri strateji xarakter daşımaqla, bütövlükdə regionda sülh və sabitliyin təminatçısı kimi çıxış edir.
Deputat: Türkiyə-Azərbaycan münasibətləri regionda sabitliyin təminatçısı kimi çıxış edir

Bakı. Elçin Mehdiyev – Trend:

Türkiyə-Azərbaycan münasibətləri strateji xarakter daşımaqla, bütövlükdə regionda sülh və sabitliyin təminatçısı kimi çıxış edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bu münasibətlər hazırda çox yüksək səviyyədədir: “İki ölkə üzərindən həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri həm regionun, həm də geniş mənada Avrasiyanın enerji təhlükəsizliyi və iqtisadi mənafeləri baxımından olduqca əlverişlidir. Oktyabr ayının 30-da şahidi olduğumuz mühüm tarixi hadisə - Bakı-Tibilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin işə düşməsi iki strateji müttəfiq ölkəni bir-birinə daha sıx bağlamaqla bərabər, həm də Orta Asiya və Anadolu üzərindən Avropaya yeni körpü yaratmış oldu”.

H.Babaoğlu vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası da keçirildi: “Müzakirə olunan məsələlər olduqca çoxşaxəli və vacibdir. Buraya siyasi əlaqələr, beynəlxalq təşkilatlarda birgə fəaliyyət, iqtisadi, hərbi, hərbi-texniki əməkdaşlıq, təhsil, enerji və nəqliyyat sahəsi kimi mühüm sahələr daxil idi. Ayrılıqda bu sahələrin hər biri mühüm strateji əhəmiyyətə malikdir və qarşılıqlı əlaqələrin inkişafı üçün yaxşı perspektivlər vəd edir. İclasda imzalanan sənədlər bundan sonrakı mərhələdə təhsil, müdafiə və təhlükəsizlik, ticarət, kənd təsərrüfatı və s. sahələrdə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxaracaq ki, bu da hər iki ölkənin maraqlarına uyğundur”.

Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti