...

Türkiyəli deputat: Prezident İlham Əliyevin sayəsində Azərbaycan xarici siyasətdə ciddi uğurlar qazanıb

Siyasət Materials 9 Fevral 2018 15:27 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Qardaş Azərbaycan ölkə Prezidenti İlham Əliyevin sayəsində və idarəçiliyində xarici siyasətdə də ciddi uğurlar qazanıb. Bunu Trend-ə xüsusi açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan millət vəkili Mətin Külünk bildirib.

M.Külünk qeyd edib ki, Prezident İlham Əliyev 2003-cü ildən bu günə qədər xalqına və ölkəsinə xidmət edən siyasi xadim, məhz Azərbaycan xalqının böyük əksəriyyətinin seçdiyi və təqdir etdiyi siyasi liderdir:

“Bölgənin siyasi dinamizmini nəzərə alsaq, ölkə başçısı İlham Əliyevin aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyinin yenidən irəli sürülməsi çox önəmlidir".

Türkiyəli millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev sadəcə Azərbaycanda deyil, eyni zamanda, Türkiyədə sevilən bir liderdir:

“Qardaş Azərbaycanın ölkə başçısı İlham Əliyev “Türkiyə gücləndikcə biz də güclənirik, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir” deyərək, “Bir millət - iki dövlət” prinsipini önə çıxararaq bütün beynəlxalq tədbir və platformalarda Türkiyənin maraqlarını müdafiə edib. Məhz buna görə də İlham Əliyev Türkiyə ilə rəsmi münasibətlərin fövqündə olan səmimi bir liderdir".

M.Külünk onu da qeyd edib ki, Azərbaycan son illərdə siyasi və iqtisadi baxımdan ciddi irəliləyiş əldə edib:

"Ölkədə yaradılan yeni iş yerləri, insan qaynaqlarına verilən ciddi önəm, enerji sahəsinə qoyulan milyardlarla investisiya, Azərbaycan iqtisadiyyatının sabit və davamlı şəkildə inkişafı üçün önəmlidir və təbii ki, bütün bunlar İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir".

M.Külünkün sözlərinə görə, dövlət başçısının yürütdüyü balanslı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyanın bir çox ölkəsində Azərbaycanın lehinə ciddi fikir formalaşıb ki, bu da çox önəmli amillərdən biridir:

"Ümummilli lider Heydər Əliyevin vaxtından bu günə kimi yürüdülən siyasət nəticəsində Azərbaycanın müstəqil dövlət kimi tanınması, Dağlıq Qarabağ münaqişəsinin BMT gündəminə gətirilməsi kimi ciddi məsafə qət edilib. İlham Əliyevin dünya ölkələri ilə qurduğu ciddi diplomatik münasibətlər həm Azərbaycanın tanınması, həm də ölkənin siyasi və iqtisadi rifahı üçün əvəzsizdir”.

Millət vəkili hesab edir ki, ciddi enerji ehtiyatlarına sahib olan Azərbaycan üçün daxili stabillik ən əsas məsələlərdən biridir:

"Yaxın Şərqdə, Suriyanın şimalında İŞİD və PYD kimi terror təşkilatlarının “at oynatdığını” və bəzi dövlətlərin də onlara dəstək olduğunu görürük. Liviyada eyni hadisələrin şahidi olduq. Deməli, enerji ehtiyatlarımız varsa, düşmənlərimiz də var. Buna görə də hərbi, siyasi-iqtisadi baxımdan indikindən də güclü olmalıyıq. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti izlədikdə balanslı və güclü siyasətin olduğunu görürük".

M.Külünk əlavə edib ki, bu gün dünyada regional inteqrasiyaya, stabillik və sülhə, qarşılıqlı mənfəətə yönəlmiş real siyasət yürüdən, Avro-Atlantik bölgəsi ilə əlaqələr quran, enerji təhlükəsizliyi məsələsində ciddi irəliləyişə nail olan Azərbaycan var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti