...

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının nazirlər konfransının açılışında iştirak edib (YENİLƏNİB-3) (FOTO)

Siyasət Materials 5 Aprel 2018 09:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının nazirlər konfransının açılışında iştirak edib (YENİLƏNİB-3) (FOTO)

Bakı. Trend:

Aprelin 5-də Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.

Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.

Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Onu da deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Konfransdan əvvəl birgə foto çəkdirildi.

Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat çıxış edərək dedi:

- Sabahınız xeyir Prezident İlham Əliyev.

Xarici işlər nazirləri, nazirlər, nümayəndələr, səfirlər, Zati-aliləri.

Biz Azərbaycan Respublikasına, Azərbaycan Prezidentinə və Azərbaycan Respublikası hökumətinə Qoşulmama Hərəkatının XVIII nazirlər konfransında yüksək qonaqpərvərliyə görə minnətdarlığımızı ifadə etmək istərdik. Ötən dövrdə əldə olunmuş nailiyyətləri, milli və beynəlxalq vəziyyəti, o cümlədən Qoşulmama Hərəkatının rolunu qiymətləndirmək bu gün bizim üçün vacibdir. Bundan əlavə, Azərbaycanın bu tədbirə ev sahibliyini və 2019-cu ildə sədr ölkə olacağını nəzərə alaraq, mən Venesuela Bolivar Respublikası Prezidentinin salamlarını çatdırmaq istəyirəm. Prezident Nikolas Maduro hər zaman Qoşulmama Hərəkatına dəstək verib, Azərbaycana da sədrlik fəaliyyətində uğurlar arzulayır və onun Prezident İlham Əliyevə xüsusi salamları var. İndi isə çıxışıma başlamaq istəyirəm.

Zati-aliləri, Prezident Əliyev, nazirlər, nümayəndə heyətlərinin rəhbərləri, bacılar və qardaşlar.

2016-cı ilin sentyabrında keçirilən tarixi Sammitdə Qoşulmama Hərəkatının sədrliyini qəbul edərkən biz birlik və müxtəliflik əsasında üzvlüyü təmin etmək, həmçinin üzv ölkələr arasında həmrəyliyi gücləndirmək, bu mühüm hərəkatın canlandırılması prosesində irəliləyişə nail olmaq üçün üç əsas hədəfi müəyyənləşdirdik. İl yarımdan sonra bu gün biz qarışıqlıq, qeyri-müəyyənlik və başqa ölkələrin suverenliyi üçün problemlər yaratmaq istəyən bəzi ölkələrin yürütdüyü siyasət nəticəsində daha da ciddiləşən bir çox çağırışlarla üzləşirik. Bu, sülh və beynəlxalq həmrəyliyə ziddir. Bəşəriyyət çox dinamik və mürəkkəb vəziyyətlə üz-üzədir. Çünki bəzi ölkələrin yürütdüyü siyasət getdikcə daha da eqoist və qərəzli olur. Halbuki reallıqda kompleks yanaşma olmalı, eyni zamanda, dialoq və həmrəylik ruhu hökm sürməlidir. Bu proses razılaşdırılmış addımlar üçün səmərəli siyasi platforma olan Qoşulmama Hərəkatının strukturunun gücləndirilməsi istiqamətində irəliləməlidir ki, qərarlar beynəlxalq səviyyədə müsbət təsir, sözün əsl mənasında, həqiqi təsir göstərə bilsin. Bizim bərabərlik, ölkələrin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü prinsiplərini, bütün mədəniyyətlər, dinlər və sivilizasiyalara hörmət, insan haqları və fundamental azadlıqlar, o cümlədən sülh hüququ və inkişaf hüququna hörməti bir daha təsdiqləməyimiz bu gün hər zaman olduğundan daha vacibdir. Bizim üçün əsas məsələ davamlı inkişafa nail olmaqdan ötrü sülh və beynəlxalq təhlükəsizliyin təbliğidir. Bu, bizim apardığımız müzakirələrdə olduqca böyük əhəmiyyət kəsb edir. Biz birlikdə BMT-nin Nizamnaməsinin əsas prinsiplərini rəhbər tutaraq beynəlxalq sülh və təhlükəsizliyi, o cümlədən insan haqlarının inkişafını gücləndirmək arzusundayıq. Ona görə də Qoşulmama Hərəkatı sülh və inkişafın olduğu, daha ədalətli, daha bərabər beynəlxalq nizamı qura biləcəyimiz bir dünyanın yaradılmasında çox mühüm rol oynamalıdır. Bu mənada iki il bundan əvvəl dövlət və hökumət başçılarının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədləri bizə həqiqətən inklüziv olan, dəyişə bilən yanaşmanın olduğu və heç kimin arxada qalmadığı fərqli bir inkişaf modelini təmin etmək üçün əsas verir.

Nazir Xorxe Arreasa Monserrat çıxışında nüvə silahlarının yayılmamasına dair qəbul olunan sazişin əhəmiyyətini vurğuladı, bununla bağlı çağırışların bəşəriyyətin qorunması istiqamətində atılmış konkret addım olduğunu dedi və nüvə silahına malik ölkələri sülh və beynəlxalq təhlükəsizliyi gücləndirməyə çağırdı. O, bütün üzv ölkələrin sülh yolunda və Qoşulmama Hərəkatının tam canlandırılması istiqamətində birlikdə addımlamalı olduğunu deyərək, Hərəkatın dünyada gedən mənfi təzahürlərin qarşısının alınmasında böyük rol oynadığını bildirdi və konfransın işinə uğurlar arzuladı.

Sonra Qoşulmama Hərəkatının Venesuelanın Marqarita şəhərində keçirilən sonuncu Sammitindən ötən müddətdə dünyasını dəyişən prezidentlərin və liderlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.

Sonra nazirlər konfransına sədr seçkisi keçirilib.

Səsvermə nəticəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransa sədr seçilib.

Elmar Məmmədyarov tədbirdə çıxış etdi.

Nazirlər konfransı işini çıxışlarla davam etdirdi.

Qeyd edək ki, nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir.

Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI nazirlər konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Hərəkata sədrlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti