...

Deputat: Qoşulmama Hərəkatının Bakı konfransı Azərbaycanın beynəlxalq siyasətdə əhəmiyyətini göstərdi

Siyasət Materials 9 Aprel 2018 07:51 (UTC +04:00)
Azərbaycanın dünyada qarışıq bir dövrdə bu tədbirə ev sahibliyi etməsi onu göstərir ki, Azərbaycan stabil olaraq inkişaf edir, beynəlxalq siyasətdə çox önəmli əhəmiyyətə malikdir və ciddi bir siyasi aktordur.
Deputat: Qoşulmama Hərəkatının Bakı konfransı Azərbaycanın beynəlxalq siyasətdə əhəmiyyətini göstərdi

Bakı. Elçin Mehdiyev - Trend:

Qoşulmama Hərəkatının 18-ci nazirlər konfransının Azərbaycanın sədrliyi ilə Bakıda keçirilməsi və xüsusən də Azərbaycanın dünyada qarışıq bir dövrdə bu tədbirə ev sahibliyi etməsi onu göstərir ki, Azərbaycan stabil olaraq inkişaf edir, beynəlxalq siyasətdə çox önəmli əhəmiyyətə malikdir və ciddi bir siyasi aktordur.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin konfransdakı çıxışı və dünyaya verdiyi mesajlar bu gün beynəlxalq aləmi düşündürən və vacib məsələlərin həlli üçün önəmlidir.

Deputat vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həll edilməməsinin bu gün dünya üçün böyük bir təhlükə olmasının Bakı konfransının yekun sənədində qeyd olunması və eyni zamanda konfransda indiyə qədər Ermənistan kimi dövlətin işğalçı siyasətinin qarşısının alınmamasının və ona sanksiyaların tətbiq edilməməsinin qeyd olunması bir daha onu göstərir ki, artıq dünyada bir çox dövlətlər ikili standartlara son qoyulmasını tələb edir. Bu baxımdan da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın tutduğu ədalətli mövqe bir daha dəstəkləndi: “Bu onu göstərir ki, Azərbaycan düzgün siyasət həyata keçirir”.

Qeyd edək ki, aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilib.

Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edib.

Nazirlər konfransının Yekun Bakı Sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb.

Sənəddə nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq ediblər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırış ediblər.

Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti