...

Səfir: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı yeni səviyyəyə qaldırmaq niyyətindədir

Siyasət Materials 30 May 2018 20:08 (UTC +04:00)
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri və əməkdaşlığı daha da genişləndirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədir.
Səfir: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı yeni səviyyəyə qaldırmaq niyyətindədir

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri və əməkdaşlığı daha da genişləndirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədir.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bu ölkənin aparıcı CCTV televiziyasına müsahibəsində deyib.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının iyunda Çindao şəhərində keçiriləcək zirvə görüşünə həsr olunan proqramın qonağı olan səfir Azərbaycanın təşkilata marağının məhz qurumun əsasını qarşılıqlı hörmət və etimadın təşkil etməsi ilə bağlı olduğunu və bu baxımdan da ŞƏT-in fəaliyyətininin öz ruhuna görə digər qurumlardan fərqləndiyini bildirib.

ŞƏT-in qarşıdan gələn sammitinin maraqla gözlənildiyi, digər tədbirlərdə olduğu kimi Çinin sədrliyi ilə keçəcək bu sammitin də yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub.

Sözügedən zirvə görüşündə qəbul olunacaq qərarların quruma üzv ölkələr, habelə müşahidəçi və dilaoq üzrə tərəfdaş dövlətlər arasında əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradacağı, bu qərarların dünyada sülhün, əmin-amanlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi bildirilib.

Çinin Sədri Si Cinpinin irəli sürdüyü “Bir Kəmər, Bir Yol” təşəbbüsünə də toxunan səfir ölkəmizin bu layihəni dəstəkləyən ilk ölkələrdən biri olduğu və bu layihənin yalnız iqtisadi və siyasi sahədə deyil, eləcə də humanitar, mədəni, təhsil və digər sahələrdə də xalqaları bir-birinə daha da yaxınlaşdıracağından söhbət açıb.

Azərbaycanın iqtisadi gücünə və siyasi çəkisinə görə bölgənin aparıcı ölkələrindən olduğunu qeyd edən Ə.Zeynallı ölkəmizin Çin ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə maraqlı olduğu, iki ölkə başçıları arasında yaranan səmimi və xoş münasibətlərin ölkələrimiz arasındakı münasibətlərin bütün sahələr üzrə inkişafına təkan verdiyini xüsusilə qeyd edib.

Azərbaycan və Çin arasındakı münasibətlərinin hazırki səviyyəsinin yüksək olduğunu bildirən səfir, əsasən iqtisadi və ticarət sahəsində əməkdaşlığın daha da yüksəldilməsi istiqamətində böyük potensialın mövcudluğunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti