...

Peruda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib (FOTO)

Siyasət Materials 1 İyun 2018 12:54 (UTC +04:00)
Peru Respublikası Konqresində Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi tərəfindən Konqresin Azərbaycan-Peru dostluq qrupu ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.
Peruda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Peru Respublikası Konqresində Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi tərəfindən Konqresin Azərbaycan-Peru dostluq qrupu ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.

Trend-in məlumatına görə, diplomatik nümayəndəlikdən , tədbirdə konqres, dövlət və hökumət nümayəndələri, Peruda akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz və KİV təmsilçiləri də iştirak ediblər.

Azərbaycan ilə dostluq qrupunun sədri, konqresmen Dalmiro Palomino çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, qısa müddət ərzində gördüyü işlərdən bəhs edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, qadınlara səsvermə hüququ vermiş ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.

Azərbaycan ilə Peru arasındakı ikitərəfli dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini deyən sədr Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Konqres tərəfindən qəbul edilmiş bəyanatı ölkəmizin nümayəndəsinə təqdim edib.

Ölkəmizin Perudakı diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili Mehdi Məmmədov öz çıxışında tariximizə ekskurs edərək qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik və dünya tarixində yeri və rolundan, qısa zamanda əldə etdiyi böyük nailiyyətlərdən danışıb. Cümhuriyyətin ən müasir demokratik və humanist dəyərlər əsasında qurulduğunu qeyd edən diplomat dövlət quruculuğu siyasətindən, həyata keçirilən islahatlardan, ölkəmizdə mövcud olan multikulturalizm ənənələrindən bəhs edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mehdi Məmmədov erməni silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb.

O, həmçinin son illərdə dinamik şəkildə inkişaf edən Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar barədə də məlumat verib. Bildirib ki, bu gün ölkəmizin müxtəlif sahələrdə hərtərəfli inkişafının təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici və daxili siyasət dayanır.

Diplomat ölkələrimiz arasında əlaqələrin müsbət dinamikasını qeyd edərək Perunun Azərbaycanda fövqəladə və səlahiyyətli səfirinin fəaliyyətə başlamasının bu münasibətlərin yeni səviyyəyə yüksəldəcəyinə əmin olduğunu dedi.

Tədbir çərçivəsində qonaqlara məşhur Azərbaycan fotoqrafı Orxan Aslanovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Mənim Azərbaycanım” adlı fotosərgisi təqdim edilib. Sərgidə Azərbaycanın müxtəlif guşələrində çəkilmiş və ölkəmizin əsrarəngiz gözəlliyini əks etdirən şəkillər nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti