Bakı. Trend:
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 25-də Heydər Əliyev Mərkəzində olub.
Qonaqlara Heydər Əliyev Mərkəzinin binası haqqında və Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan əlavə, Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət göstərir.
Mərkəzdəki Heydər Əliyev Muzeyi qonaqların böyük marağına səbəb olub.
Muzeyin “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər”, “Fotolarda əks olunmuş həyat” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir.
Nümayəndə heyəti Mərkəzin “Azərbaycan inciləri” sərgisi ilə tanış olub. Qeyd edilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer alıb, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada – səsli təqdim olunur. Milli geyimlərimizin, qədim sikkələrimizin nümayiş etdirildiyi ekspozisiyada müxtəlif dillərdə müqəddəs kitablar da təqdim olunur.
Qonaqlar, həmçinin Bakıda və regionlardakı tarixi memarlıq abidələrinin maketlərini əks etdirən “Mini Azərbaycan” sərgisinə baxıblar.
Nümayəndə heyətinin üzvləri “Heydər Əliyev. Şəxsiyyət, missiya, irs” Rusiya-Azərbaycan tarixi sənədli sərgisi ilə də tanış oldular.
Vyaçeslav Volodin Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.