...

Ana Vətən Partiyası Gəncədə baş verən iğtişaşlarla bağlı bəyanat yayıb

Siyasət Materials 11 İyul 2018 14:02 (UTC +04:00)
Ana Vətən Partiyası 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaşlarla bağlı bəyanat yayıb.
Ana Vətən Partiyası Gəncədə baş verən iğtişaşlarla bağlı bəyanat yayıb

Bakı. Trend:

Ana Vətən Partiyası 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaşlarla bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir: "İğtişaşlar bir qrup radikal qüvvənin Azərbaycanda sabitliyi pozmaq və vətəndaş qarşıdurmasını yaratmaq, dövlətçiliyimizə zərbə vurmaq cəhdi kimi qiymətləndirilir.

Ən müxtəlif küt, kəsici və deşici alətlərlə silahlanan radikal qüvvələrin məkrli niyyəti dövlətçiliyimizə qarşı düşünülmüş qəsddir. İğtişaşların qarşısını almağa çalışan və öz vəzifə borclarını yerinə yetirən iki polis zabitinin vəhşicəsinə qətlə yetirilməsi həm də dövlətçiliyimizə qarşı mənfur niyyətləri bütün çılpaqlığı ilə ortaya qoydu.

Hadisələrin gedişi göstərdi ki, bütövlükdə Gəncə əhalisi hər zaman olduğu kimi, yenə də Azərbaycan dövlətçiliyinin, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasının yanındadır və baş verən qanlı olay bir daha sübut etdi ki, Azərbaycan polisi dövlətçiliyimizə, müqəddəs dəyələrimizə, müstəqilliyimizə sadiqdir. Allah onlara rəhmət eləsin, ruhları şad olsun.

Ana Vətən Partiyası ölkəmizin gücünü, qüdrətini, beynəlxalq nüfuzunu həzm edə bilməyən Antiazərbaycan qüvvələrinin məkrli məqsədlərini qətiyyətlə pisləyir və əmin olduğunu bəyan edir ki, güclü dövlətimiz, möhtərəm cənab prezidentimizlə xalqımızın sarsılmaz birliyi və təhlükəsizliyimizin, ölkəmizdə sabitliyin qorunub saxlanılmasında müstəsna xidmətləri olan hüquq mühafizə orqanlarının peşəkarlığı və dövlətçiliyimizə sədaqəti bu və buna bənzər təxribatların, iğtişaşlara cəhdlərin qarşısını alacaq, dövlətçiliyimizi, cəmiyyətmizdə sabitliyi qoruyub saxlayacaq və heç bir qüvvə Azərbaycanımızı tutuduğu müstəqillik və inkişaf yolundan, xalqımızı vətəndaş həmrəyliyindən döndərə bilməyəcək".

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti