...

Tahir Rzayev: Ermənistanın yeni hakimiyyətinin mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi mane olur

Siyasət Materials 24 Sentyabr 2018 12:39 (UTC +04:00)
Ermənistanın yeni hakimiyyətinin mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi mane olur.
Tahir Rzayev: Ermənistanın yeni hakimiyyətinin mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi mane olur

Bakı. Samir Əli - Trend:

Ötən gün Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağlı keçirilən iclasdakı çıxışında parlamentin fəaliyyətinə, millət vəkillərinin gördüyü işlərə çox böyük qiymət verdi. Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O qeyd edib ki, dövlətimizin başçısı iclasda iştirak edən beynəlxalq qurumların və xarici ölkələrin nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək onlara problemin həlli yolunu göstərdi:

"Cənab Prezident çıxışında bildirdi ki, Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bu torpaqlar Azərbaycanın əzəli torpaqlarıdır və Azərbaycan torpağı kimi də qalacaq. Hansı yolla olursa olsun, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Dövlət başçısı çıxışında hazırda Ermənistandakı vəziyyətə də toxundu və bildirdi ki, Ermənistanda əvvəlki hakimiyyət təcavüzkar xunta rejimi yaratdığı halda, indiki hakimiyyət ondan da qəddar mövqe tutub və bu da Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi mane olur. Beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin, o cümlədən Dağlıq Qarabağın azad olunması ilə bağlı mühüm qərarları olsa da, Ermənistan hakimiyyəti buna məhəl qoymur. Ona görə də cənab Prezident İlham Əliyev beynəlxalq təşkilatlara, xarici ölkə nümayəndələrinə ciddi mesaj verdi ki, onların təmsil etdikləri təşkilat və dövlətlər də bu işlə məşğul olmalıdır. Çünki bu gün işğalçının cəzalandırılmaması regionda daha böyük problemlərə yol aça bilər. Ona görə də bu məsələ ilə bağlı hər bir dövlət, hər bir parlament üzvü öz səsini çıxarmalıdır".

T.Rzayev bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Ordusunun, Azərbaycan iqtisadiyyatının gücündən də danışıb:

"Azərbaycan güclü dövlətdir. Güclü bir dövlət olmaqla yanaşı, həm də ordu quruculuğu sahəsində mühüm işlər görüb və silahlı qüvvələrimiz istənilən vaxt torpaqlarımızı düşməndən azad edə bilər. Lakin biz beynəlxalq hüquq normalarına əsaslanırıq, ona görə də torpaqların sülh yolu ilə azad edilməsini istəyirik. Cənab Prezident bir daha xatırlatdı ki, Ermənistan hakimiyyəti və onu himayə edən dövlətlər də bu barədə düşünməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti