...

Əli Həsənov: Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 20 Oktyabr 2018 15:28 (UTC +04:00)
Oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Müasir dünyada dialoq” mövzusunda konfrans keçirilib, Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub
Əli Həsənov: Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir (FOTO) (YENİLƏNİB)

Türkiyə. Rufiz Hafizoğlu - Trend:

Oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Müasir dünyada dialoq” mövzusunda konfrans keçirilib, Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Trend-in müxbirinin məlumatına görə, mərasimdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, azərbaycanlı millət vəkilləri, Rusiya Dövlət Dumasının üzvləri iştirak ediblər.

Qeyd edək ki, Xocalı abidəsi Kayseri Böyükşəhər Bələdiyyəsinin dəstəyi və Azərbaycan Təhsil və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə qoyulub.

Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Xocalı faciəsinə tam dolğun qiymət verdikləri üçün rusiyalı və türkiyəli deputatlara öz təşəkkürünü bildirib:

"Burada bir çox məsələlərə yer verildi. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım çıxış etdilər. Talas bələdiyyə sədri və digər çıxış edənlər Xocalı faciəsinə tam dolğun qiymət verdilər. Sözün həqiqi mənasında Xocalıda dinc sakinlər qətlə yetirilib. Onlar azərbaycanlı, türk olduqlarına görə qətlə yetirilib. Həmin gecə kim ələ keçib, hamısı öldürülüb. Hamısı bir-bir qətlə yetirilib. Hətta şəhərdən çıxan qocaları və uşaqları öldürdülər. Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir. 1991-ci ildən başlayaraq SSRİ-dən ayrılan dövlətlər sərhədlərini qorumağa, müstəqilliyini inkişaf etdirməyə və firavan həyatı təmin etməyə başladılar. O gündən bu günə qədər ən qanlı tarix səhifəsi Xocalı faciəsi oldu. Ondan qabaq tarixdə bir çox faciələr olub. Amma bu faciə öz əhatə dairəsinə görə, törədilmə səbəbinə görə soyqırımından heç nə ilə fərqlənmir. Məhz “soyqırımı” deməklə bu faciənin dəqiq qiyməti verilir".

Ə.Həsənov vurğulayıb ki, bu faciəni törədənlərin hələ də azadlıqda gəzməsi təəssüf doğuran haldır: "Hələ də onlar öz siyasətlərini qururlar. Hələ də onlar öz cəzalarını almayıblar. Onların hər biri beynəlxalq təşkilatlarda Ermənistanı təmsil ediblər. Və bilə-bilə ki, onlar cinayətkardır, buna baxmayaraq, onlara meydan veriblər. Xocalı haqqında həqiqətləri dünyaya çatdırmaqla, Xocalı haqqında kitablar nəşr etdirməklə, abidələr qoymaqla erməni xalqına qarşı düşmən əhvali-ruhiyyəsi aşılamaq istəmirik. Biz erməni xalqının içərisindən çıxmış, uzun müddət hakimiyyətdə olmuş o cinayətkarları dünyaya tanıtdırmaq istəyirik. Bunların törətdiyi əməllərin mahiyyətini dünyaya çatdırmaq istəyirik ki, bir də belə qanlı faciələr tarixdə təkrarlanmasın. Tarix buna qiymət vermədikcə, belə halların təkrarlanması mümkün ola bilər. Buna görə də sülhsevər bəşəriyyəti bu faciəyə düzgün qiymət verməyə çağırırıq".

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan dövləti bölgədə sülhü hamıdan çox istəyir: "Biz kimsənin torpağına göz dikməmişik, bundan sonra da göz dikməyəcəyik. Həmin o təcavüzkar rejimə rəhbərlik edənlər torpaqlarımızı işğal altında saxlayırlar. Biz yenə də bu torpaqları sülh yolu ilə geri qaytarmaq istəyirik. Çünki müharibə yenə də günahsız insanların qanı bahasına başa gələcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti