...

İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiq edilib

Siyasət Materials 22 Fevral 2019 21:55 (UTC +04:00)
Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiq edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Bu fərmanla “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Nizamnaməsi” və “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Strukturu” təsdiq edilir.

Müəyyən edilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin (bundan sonra – Agentlik) ilkin nizamnamə fondu 500 min manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

Nazirlər Kabinetinə tapşırılır:

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

- “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 6 noyabr tarixli 325 nömrəli fərmanının 6.4-cü bəndinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin;

- innovasiya fəaliyyətinə təsir edəcək normativ hüquqi aktlar hazırlanarkən bu fərmanın 6-cı hissəsinin icrasını nəzarətdə saxlasın;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan ərazisində innovasiya fəaliyyətinin dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsini həyata keçirəcək; bu fərmanın 6-cı hissəsində göstərilən normativ hüquqi aktların razılaşdırılması ilə bağlı tədbirlər görəcək; Agentliyin vəsaitindən istifadə qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər hazırladıqları innovasiya fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların normayaratma orqanına təqdim edilməzdən əvvəl “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 46-cı maddəsinə uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmasını təmin edəcəklər.

Maliyyə Nazirliyinə bu fərmanda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti