...

Siyavuş Novruzov: Xaricdən ölkəmizə qarşı "söyüş kampaniyası" aparanlar İnterpol vasitəsilə tutulub gətirilməlidir

Siyasət Materials 5 Mart 2019 10:27 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün xaricdən ölkəmizə qarşı davam etdirilən “söyüş kampaniyası” həm hüquqi müstəvidə, həm də Azərbaycan vətəndaşlarının ictimai qınağı vasitəsilə aradan qaldırılır. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, təbii ki, söyüş kampaniyasında olanlar heç öz doğma valideynlərini eşitmirlər: “Xarici təşkilatlar qrantları məhz o söyüşə görə verirlər. Çünki onlarda hər hansı bir təhlil aparmaq, təklif vermək qabiliyyəti və hər hansı bir məsələyə normal münasibət bildirmək düşüncəsi yoxdur. Onlar Dağlıq Qarabağda törətdiyi cinayətlərə, soyqırımlara görə Ermənistana qarşı bir kəlmə də olsun fikir söyləməyiblər. Əgər fikir söyləsələr, dərhal qrantları kəsiləcək. Onların hətta Ermənistanı təbliğ edərək guya orada demokratik ab-havanın yüksək səviyyədə olması barədə absurd fikirlər söyləmələri və insanlara müraciət etmələri Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılanır. Bu şəxslər öz çıxışlarında anti-dövlət xarakterli fikirlər (silah yolu ilə üsyan, çevriliş etmək və s.) səsləndiriblər. Təbii ki, bunlar hamısı Cinayət Məcəlləsinə tövsif olunur".

Millət vəkili vurğulayıb ki, bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prokurorluğu cinayət işi qaldırmalıdır və İnterpol vasitəsilə həmin adamların tutulub gətirilməsi təmin olunmalıdır: "Necə ki, bu proses artıq davam edir. Eləcə də onların Azərbaycan məhkəmələri qarşısında cavab verməsi təmin olunmalıdır. İkincisi, həmin ölkələrdə fəaliyyət göstərən və Azərbaycanda olan səfirliklərə müraciət olunmalıdır. Soruşulmalıdır, əgər onların hər hansı bir vətəndaşı Azərbaycan ərazisindən öz dövlətlərinə qarşı “söyüş kampaniyaları” aparardılarsa, onlar hansı addımı atardılar? Hesab edirəm ki, bu məsələlər onların diqqətinə çatdırılmalıdır. Üçüncü yol isə ictimai qınaqdır. Azərbaycan xalqı kifayət qədər savadlı xalqdır. Azərbaycanın kifayət qədər tanınmış insanları var. Martın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü oldu. Orada qaldırılan məsələlərin hər biri dərhal nəzərə alındı. Amma bu günə qədər xaricdə oturanlar hələ bir məsələ qaldırmayıblar. Onların ağızları söyüşlə açılıb-bağlanır, o şəxslər həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Xaricdən ölkəmizə gələnlərin hər biri görür ki, Azərbaycanda nə qədər inkişaf var. Heç şübhəsiz ki, onların burada oturan əlaltıları – sapı özümüzdən olan baltalar da qaldırılan məsələlərin öz həllini tapmasına görə əndişələnirlər”.

S.Novruzov qeyd edib ki, əfv olunacaq şəxslərlə bağlı artıq Əfv Komissiyası işləyir: “Siyasi baxışlarından asılı olmayaraq cinayət törətmiş şəxslər bu və ya digər şəkildə öz peşmanlıqları ilə əlaqədar müraciət edirlər. Əfv Komissiyası bu məsələlərə baxır. Ümumiyyətlə, ölkəmizdə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bu addımlar davamlı olaraq atılıb. 70-dən artıq əfv, 13-ə yaxın Amnistiya aktı qəbul olunub. Sonuncu Amnistiya aktı da ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunmuşdu ki, bu da 10 mindən artıq insana şamil edilmişdi. Yəni bunlar hamısı Azərbaycanda olub. Onları narahat edən nədir? Bunlar o adamların adından və ailə üzvündən istifadə edirlər. Amma həmin insanlar azadlığa çıxdığı halda onlarla maraqlanmırlar. Çünki onlar bu məsələlərdən gəlir əldə etmək üçün istifadə edirlər.

Məsələn, keçmişdə Leyla Yunus və bir qrup hüquq-müdafiə təşkilatları var idi ki, onlar bu və ya digər şəkildə cinayət törətmiş şəxslərdən pul alaraq guya onların adını “siyahı”ya salaraq “siyasi məhbus” adı altında Avropaya, başqa-başqa yerlərə göndərəcəkdilər. Hətta bundan sui-istifadə edən bəzi vəkillər də var idi. Onlar şantaj yolu ilə insanların guya azadlığa buraxılmasına çalışmaq istəyirdilər. Həmin metod bu gün Azərbaycanda müxtəlif qurumların və siyasi partiya rəhbərlərinin “çörək ağacı”na çevrilib. Bu məsələ də yaxın vaxtlarda Azərbaycanda öz həllini tapacaq. Onlar qəsdən qızışdırırlar ki, dövlət buna getməsin. Çünki dövlətin bu cür addımlar atması onlara sərf etmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti