...

Prezident İlham Əliyev: Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür

Siyasət Materials 2 May 2019 20:08 (UTC +04:00)
Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür.
Prezident İlham Əliyev: Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür

Bakı. Trend:

Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edərkən deyib.

Prezident İlham Əliyev bildirib: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə yönəltməyə çalışırıq.

Əminəm ki, bu gün və sabah Forum çərçivəsində aparılan müzakirələr problemləri aşkar edərək çıxışçılara fikirlərini bildirmək imkanı verməklə yanaşı, tərəfdaşlıq, həmrəylik və əməkdaşlığı gücləndirəcək, nəticədə mədəniyyətlər arasında körpü yaradacaq.

Ötən il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd etdik. Bu da bizim fəxr etdiyimiz bir təşəbbüsdür. Yadımdadır, 2008-ci ildə bu təşəbbüs irəli sürülən kimi, o, dərhal beynəlxalq diqqəti özünə cəlb etdi. İlk dəfə məhz Azərbaycan Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini bir araya gətirdi. 100-dən artıq dövlətin nümayəndəsi Bakıda toplaşdı və əməkdaşlıq perspektivlərini müzakirə etdi. Biz eyni tərkibdə nazirlərin iştirakı ilə daha bir tədbiri 2009-cu ildə təşkil etdik. Bu təşəbbüs “Bakı Prosesi” adlandırıldı və bu gün həmin proses Avropa ilə müsəlman dünyası arasında dialoq üçün mühüm vasitədir.

Həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa təsisatlarına eyni zamanda üzv olan nadir ölkələrdən biri olan Azərbaycan təmasların qurulması və dialoq üçün imkanların yaradılmasında özünün təbii və əminəm ki, müsbət rolunu oynayır. Bizim dialoqa ehtiyacımız var. Mədəniyyət və dinlərarası münasibətlər, siyasi gündəlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərində dialoq zəruridir. Forumun adı belə dialoq adlanır. Yəni, biz məhz bunu dünyaya təqdim edirik və bu təşəbbüs geniş beynəlxalq dəstəyə malikdir.

Bu gün “Bakı Prosesi” BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Əminəm ki, “Bakı Prosesi”nin böyük gələcəyi var.

Bu qəbildən olan forumlar mədəniyyətlərarası dialoq mövzusuna diqqəti cəlb edir, yeni ideyalar və yanaşmalar ortaya qoyulur. Müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda mühüm qərar qəbul edənlər üçün bu, düzgün qərarların verilməsi məqsədilə yaxşı və müsbət platformadır. Bu baxımdan Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür. Biz körpülər qururuq. Biz Avropa ilə Asiya arasında yerləşirik. Əlbəttə, bizim coğrafiyamız tariximizə təsir edib və bugünkü inkişafımıza da təsir etməkdədir.

Bu gün nisbətən gənc müstəqil dövlət olan Azərbaycan Avropa ilə Asiya arasında körpülərin yaradılmasında mühüm rol oynayır. Siyasi, iqtisadi, mədəni körpülər, eyni zamanda, praktiki baxımdan da nəqliyyat bağlılığı yaradan körpülər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti