Bakı. Nərgiz Sadıxova - Trend:
Azərbaycanda parlament seçkiləri prosesi yüksək səviyyədə təşkil olunub.
Bunu Trend-ə Maldiv adalarından müşahidəçilər heyətinin üzvü Fuvad Zovfik deyib.
Onun sözlərinə görə, Maldiv adalarından iki müşahidəçidən ibarət nümayəndə heyəti Azərbaycan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə gəlib:
“Bizi yaxşı qarşıladılar, dörd seçki məntəqəsində müşahidə üçün imkan yaradılıb”.
F.Zovfik bildirib ki, bütün seçki prosesi çox yaxşı təşkil olunub:
“Mən buradakı təşkilatçılıqdan məmnunam. Qeyd etmək istədiyim əsas amillərdən biri odur ki, səs vermək üçün çoxlu kabinələr var. Bu, növbələrin yaranmasının qarşısını alır və seçicilərə daha çox fikirləşmək imkanı yaradır”.
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.