...

Özbəkistanlı ekspert: Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşünün keçirilməsi ölkənin pandemiyaya ciddi yanaşmasını təsdiq edir

Siyasət Materials 14 Aprel 2020 00:07 (UTC +04:00)
Azərbaycan hökumətinin gördüyü preventiv təhlükəsizlik tədbirləri sayəsində COVID-19-un yayılma dinamikası digər ölkələrlə müqayisədə çox azdır
Özbəkistanlı ekspert: Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşünün keçirilməsi ölkənin pandemiyaya ciddi yanaşmasını təsdiq edir

Bakı. Hüseyn Səfərov - Trend:

Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşünün keçirilməsi ölkənin pandemiyaya ciddi yanaşmasını təsdiq edir.

Bunu Trend-ə özbəkistanlı ekspert Oleq Qolişnikov deyib.

O bildirib ki, bir çox ölkələr kimi Azərbaycan da koronavirusun ölkədə yayılmaması üçün fəal mübarizə aparır:

"Azərbaycan hökumətinin gördüyü preventiv təhlükəsizlik tədbirləri sayəsində COVID-19-un yayılma dinamikası digər ölkələrlə müqayisədə çox azdır. Ölkədə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah fəaliyyət göstərir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bütün kütləvi tədbirlər təxirə salınıb. Futbol üzrə Avropa çempionatının matçları, Formula 1 Azərbaycan Qran prisi və digər tədbirlər başqa tarixə keçirilib. Bu baxımdan, Azərbaycan tərəfinin təşəbbüsü ilə Türk Şurasının növbədənkənar zirvə görüşünün keçirilməsi Bakının koronavirus pandemiyasına ciddi yanaşmasını, bu istiqamətdə Şura üzvləri ilə fəaliyyətin əlaqələndirilməsi niyyətini təsdiq edir".

Ekspertin sözlərinə görə, aprelin 10-da videokonfrans formatında keçirilmiş Türk Şurasının növbədənkənar sammiti üzv ölkələrin koronavirus pandemiyası ilə birgə mübarizəyə hazırlığı və marağını nümayiş etdirdi:

"Birgə tədbirlərin praktiki icrası Türk Şurası üzv ölkələrinin bu tip təhdidlərlə mübarizədə trans-sərhəd əməkdaşlığın nümunəsi kimi çıxış edə bilər. Bu baxımdan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səsləndirdiyi, Türk Şurası çərçivəsində daimi fəaliyyət göstərən birgə epidemioloji monitorinq sisteminin və pandemiya ilə mübarizə üzrə koordinasiya qrupunun yaradılması təklifləri diqqətə layiqdir".

O xatırladıb ki, Türk Şurası çərçivəsində birgə tədbirlərin qəbul edilməsi, üzv dövlətləri digər ölkələrlə, qlobal və regional təşkilatlarla pandemiyaya qarşı mübarizədə qarşılıqlı fəaliyyəti sahəsində məhdudlaşdırmır:

"Sammitin yekun bəyannaməsində üzv-dövlətlər beynəlxalq ictimaiyyətlə əməkdaşlığın vacibliyini vurğulayıb. Aydın məsələdir ki, COVID-19-un fəsadları ilə əlaqədar dünya iqtisadiyyatını çətin dövrlər gözləyir. Karantin və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi qloballaşmanı ləngidir, bütöv sahələrin inkişafının azalmasına, işsizliyin artmasına doğru aparır. Bu istiqamətdə birgə tədbirlərin səmərəliliyi onların işinin koordinasiyasından birbaşa asılı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti