...

Ceyhun Məmmədov: Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini tətbiq etməyə çalışırlar

Siyasət Materials 23 Aprel 2020 12:48 (UTC +04:00)
Ceyhun Məmmədov: Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini tətbiq etməyə çalışırlar

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini öz ölkələrində tətbiq etməyə çalışırlar.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti bu prosesi birbaşa öz nəzarətinə götürdü:

“Prezident İlham Əliyev pandemiyanın əhaliyə təsirinin minimum endirilməsi istiqamətində ciddi qərarlar qəbul etdi. Dövlət başçısının tapşırığına əsasən, virusun əhaliyə təsirlərinin azaldılması məqsədilə sosial yardım paketləri hazırlandı. Birinci mərhələdə 200 mindən artıq insan bu imkandan yararlandı. Növbəti mərhələdə pandemiyadan zərər görən işsiz vətəndaşlara verilən 190 manat yardımın 600 min insana şamil edilməsi barədə qərar qəbul edildi”.

Deputat vurğulayıb ki, eyni zamanda, elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat artırılaraq, 400 (dörd yüz) kilovat-saat müəyyən edildi:

“Koronavirusla mübarizədə xüsusi rol oynayan qurumların əməkdaşlarının əməyi nəzərdən qaçmadı. Prezidentin sərəncamı ilə tibb işçilərinin aylıq vəzifə maaşına 3–5 mislinədək müddətli əlavə müəyyən edildi. Həmçinin xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 (bir) misli miqdarında müddətli əlavə müəyyən edildi".

Millət vəkili bildirib ki, bu dövrdə həbsdə olan yaşlı ölkə vətəndaşları da diqqətdən kənarda qalmadı:

"Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv etdi. Bu, bir çox ailənin sevincinə səbəb oldu. Bütün bu qərar və addımlar Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial durumunun yaxşılaşdırılmasına verdiyi önəmin, diqqət və qayğının göstəricisidir. Bu, onu göstərir ki, ölkə rəhbərliyi bu prosesdən əziyyət çəkən insanlara maddi və mənəvi dəstək məqsədilə gərəkən bütün addımları atır, hər bir məsələni ciddi nəzarətində saxlayır".

C.Məmmədov əlavə edib ki, dövlət ilk gündən bəyan etdiyi kimi, hər bir vətəndaşının yanındadır və onun qayğısı hər kəsi əhatə edir:

"Bu onu göstərdi ki, bir çox məsələlərdə olduğu kimi, bu prosesdə də Azərbaycan Prezidenti nümunəvi model ortaya qoydu. Prezident İlham Əliyevin güclü iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu prosesdən də uğurla çıxdı. Bu gün bir sıra dövlətlər Azərbaycan modelindən bəhs edir, onu öz ölkələrində tətbiq etməyə çalışırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti