...

Dünya mürəkkəb çağırışlarla rastlaşdığı bir zamanda Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi - Şəbnəm Həsənova

Siyasət Materials 5 May 2020 15:32 (UTC +04:00)
Dünya mürəkkəb çağırışlarla rastlaşdığı bir zamanda Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi - Şəbnəm Həsənova

Bakı. Elçin Mehdiyev – Trend:

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycanın həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə, cənab Prezident İlham Əliyevin şəxsinə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsidir.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi, hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdü:

“Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu faktı bir daha vurğuladı. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri də bu təşəbbüsü yekdilliklə dəstəklədilər. Bu amilin özü də cənab Prezidentin bir lider kimi beynəlxalq münasibətlər sistemində olan yüksək nüfuzundan xəbər verir. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olundu.

Koronavirus pandemiyası dünyada ənənəvi vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat cavab verən ilk dünya dövlətlərindən oldu. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü də bunu göstərir.

Eyni zamanda, Zirvə görüşündə BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat və təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçıları çıxış edərək koronavirus pandemiyası ilə mübarizə yolları haqqında fikirlərini bölüşdülər, bu mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar.

Bütün çıxışlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri yüksək qiymətləndirildi ki, belə çətin şəraitdə də bu, Azərbaycan üçün böyük fəxr oldu. Xüsusi bir məqam ondan ibarətdir ki, məhz Azərbaycanın sədrliyi dövründə hərəkatın tarixində bir ilkə də imza atıldı. Belə ki, Qoşulmama Hərəkatı ilə əks qütblərdə yer alan Avropa İttifaqının rəsmisinin zirvə görüşündə iştirakı və çıxışı baş tutdu. Beləliklə də nəinki normal dünya düzənində, hətta qlobal pandemiyanın yaratdığı mürəkkəb tarixi şəraitdə, dünya ölkələrinin öz sərhədləri daxilində mürəkkəb çağırışlarla rastlaşdığı bir zaman kəsiyində Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti