...

Cavid Osmanov: Dövlət başçısı bütün ölkələri dostluğa, həmrəyliyə və qarşılıqlı dəstəyə dəvət etdi

Siyasət Materials 5 May 2020 19:41 (UTC +04:00)
Cavid Osmanov: Dövlət başçısı bütün ölkələri dostluğa, həmrəyliyə və qarşılıqlı dəstəyə dəvət etdi

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü Azərbaycana və dövlət başçımıza olan inam və etimadın daha bir göstəricisidir:

"Zirvə görüşündə 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir.

Məhz Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına sədrlik etdiyi bir dövrdə Qoşulmama Hərəkatı və Avropa İttifaqını koronavirus təhlükəsi ilə əlaqədar bir araya gətirməyə nail olub. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Dövlət başçısı bütün ölkələri dostluğa, həmrəyliyə və qarşılıqlı dəstəyə dəvət etdi. Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına Sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti