...

Rauf Əliyev Azərbaycan-Bolqarıstan əməkdaşlığına həsr olunmuş vebinarda içtirak edib (FOTO)

Siyasət Materials 21 May 2020 14:50 (UTC +04:00)
Rauf Əliyev Azərbaycan-Bolqarıstan əməkdaşlığına həsr olunmuş vebinarda içtirak edib (FOTO)

Bakı. Trend:

20 may 2020-ci il tarixində Bolqarıstanın Sənaye və Ticarət Palatası və Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Google Meet” online platforması vasitəsilə ölkəmizdəki sərmayə imkanları, eləcə də Azərbaycanda biznes fəaliyyəti barədə təqdimat mərasimi keçirilib.

Azərbaycanın Bolqarıstan Respublikasındakı Səfirliyindən Trend-ə verilən məlumata görə, vebinar formatında keçirilmiş tədbirdə Bolqarıstanın müxtəlif dövlət qurumlarının nümayəndələri, Bolqarıstanın Sənaye və Ticarət Palatasının sədri Tsvetan Simeonov, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova, Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Yankov, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, Bolqarıstanda fəaliyyət göstərən işgüzar dairələrin nümayəndələri, iş adamları, şirkət təmsilçiləri, eləcə də Bolqarıstanın Sənaye və Ticarət Palatasının regionlardakı nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bolqarıstanın Sənaye və Ticarət Palatasının sədri Tsvetan Simeonov iştirakçıları salamlayaraq dünyanın pandemiya ilə mübarizə apardığı bir dövrdə iki ölkənin iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirməli olduğunu bildirmiş, Azərbaycanın Bolqarıstandakı Səfirliyinə belə bir tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış etdiyinə görə minnətdarlığını ifadə edib. Tədbirin iki ölkənin işgüzar dairələri arasında əlaqələri genişləndirməyə və ticarət dövriyyəsinin artırılmasına müsbət töhfə verəcəyinə əminlik ifadə olunub.

Daha sonra söz Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanovaya verilmişdir. N.Qurbanova Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın mövcud olduğunu söyləmiş, bu tədbirin bu istiqamətdə müsbət töhfə verəcəyini, Azərbaycanda əlverişli sərmayə mühitinin və yaxşı ticarət imkanlarının mövcud olduğunu diqqətə çatdırıb. Səfir iki ölkə arasında enerji, nəqliyyat, turizm, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və s. sahələrində uğurla əməkdaşlıq edildiyi, 2019-cu ildə Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 93.88 mln. ABŞ dolları həcminə yüksələrək son 5 il üzrə ən yaxşı göstərici olması vurğulayıb. Ölkəmizin nəqliyyat sektorunda həyata keçirdiyi regional layihələr barədə (Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s.) danışan səfir bu layihələr nəticəsində ölkəmizə sərmayə yatırılmasının daha cəlbedici olduğunu və şirkətlərin öz məhsullarını daha geniş coğrafiyaya ixrac etmələri üçün imkan yarandığını qeyd edib.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı barədə söz açan N.Qurbanova Azərbaycanda fəaliyyət göstərən sənaye parkları və məhəllələri barədə danışmış, ölkəmizə beynəlxalq reytinq təşkilatları tərəfindən verilən qiymət və beynəlxalq rəqabətlilik hesabatlarında Azərbaycanın yeri, eləcə də sərmayədarlar üçün tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının 2018-ci ilin 6-8 noyabr tarixində Sofiyada baş tutduğu N.Qurbanova tərəfindən xatırladılaraq cari ilin sonunda Müştərək Komissiyanın 6-cı iclasının və biznes forumun keçiriləcəyinə ümidvarlıq ifadə olunmuş və bu xüsusda, Bolqarıstanın işgüzar dairələrinin nümayəndələri baş tutacaq biznes forumda fəal iştiraka dəvət ediliblər.

N.Qurbanova koronavirusla mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən sosial və iqtisadi tədbirlər, beynəlxalq yardım, əhalinin rifahının yaxılaşdırılması, işgüzar dairələrə dəstək tədbirləri barədə də məlumat vermiş və belə çətin bir dövrdə ikitərəfli ticarət dövriyyəsinin artırılması istiqamətində daha böyük səylər göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Təqdimatla çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İnvestisiyaların Təşviqi Departamentinin direktoru Zöhrab Qədirov tədbir iştirakçılarına Azərbaycanda makro-iqtisadi vəziyyət, qeyri-neft sektoru, xarici ticarət dövriyyəsi, nəqliyyat infrastrukturu və ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutları, investisiya mühiti, sənaye parkları və burada tətbiq olunan güzəştlər və ölkəmizdəki sərmayə imkanları barədə ətraflı məlumat verib.

“Aqrar Tədarük və Təchizat” ASC-nin direktorlar şurasının üzvü Leyla Məmmədova kənd təsərrüfatı sahəsində Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq imkanları barədə təqdimat etmişdir. L.Məmmədova təmsil etdiyi qurum, həyata keçirdikləri layihələr, ölkəmizdə kənd təsərrüfatı sahəsində ümumi vəziyyət, əsas ixrac məhsulları barədə məlumat verilmiş, iki ölkənin kənd təsərrüfatı sahəsində idxal və ixrac məhsulları müqayisəli təhlil edilmiş, Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə imkanları barədə danışılıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış, konkret əməkdaşlıq imkanları müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti