...

YAP-ın Gənclər Birliyi əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara çağırış edib

Siyasət Materials 27 İyul 2020 17:22 (UTC +04:00)
YAP-ın Gənclər Birliyi əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara çağırış edib

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara son günlər erməni təxribatçılarının həm Azərbaycanla sərhəddə, eləcə də dünyanın müxtəlif şəhərlərində törətdikləri iğtişaşlarla əlaqədar çağırış edib.

Bu barədə Trend-ə YAP Gənclər Birliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, YAP Gənclər Birliyi DEMYC (Avropa Demokratik Gənclər Qurumu), IYDU (Beynəlxalq Gənc Demokratlar Birliyi), YEPP (Avropa Xalqları Partiyasının Gəncləri), ICAPP YW (Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Gənclər Qolu), YOUTH CDI (Beynəlxalq Mərkəzçi Demokrat Gəncləri), SCO (Şanxay Əməkdaşlıq Təşkilatı), həmçinin Rusiya, Türkiyə, İtaliya, Portuqaliya, Bosniya və Hersoqovina, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Rumıniya, Almaniya, Livan, İsrail və digər ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq edir. Bu təşkilatlara erməni təxribatına son qoyulması, erməni vandalizminin qarşısının alınması ilə bağlı çağırışlar ünvanlanıb.

Çağırışlarda deyilir: “İyulun 12-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribatlara başlamasının, eləcə də, bir çox xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında erməni aqressiyasının şahidi olduq. Belə ki, Fransa, İngiltərə, İsveç, Polşa, Avstraliya, ABŞ, Hollandiya, Belçikada Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, habelə bu ölkələrdə dinc şəkildə fikirlərini bildirən azərbaycanlı nümayişçilərə qarşı erməni təxribatçıları tərəfindən törədilmiş zorakılıqlar bilavasitə vandalizm və terror ünsürlərini özündə əks etdirir, Azərbaycan icmalarının üzvlərinə, diplomatlara və əmlaklarına qəsdən ziyan vurmaq məqsədi daşıyan cinayət məsuliyyətinə səbəb olan hərəkətlər kimi xarakterizə olunur.

Bütün bu faktları əsas tutaraq, Azərbaycan tərəfi müvafiq ölkələrin hüquq-mühafizə orqanları tərəfindən radikal erməni qruplarının törətdikləri vandalizm aktlarının araşdırılmasını və bu cinayətləri törədənlərin əməllərinə hüquqi qiymət verilməsini tələb edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti