...

Xarici İşlər naziri İndoneziyanın səfirini diplomatik müddətinin başa çatması ilə əlaqədar qəbul edib (FOTO)

Siyasət Materials 28 İyul 2020 20:36 (UTC +04:00)
Xarici İşlər naziri İndoneziyanın səfirini diplomatik müddətinin başa çatması ilə əlaqədar qəbul edib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov İndoneziya Respublikasının ölkəmizdəki səfiri cənab Husnan Bey Fananieni diplomatik müddətinin başa çatması ilə əlaqədar qəbul etdi.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir ölkələr arasındakı həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə əməkdaşlığın intensiv şəkildə inkişaf etdiyini məmnunluqla qeyd etdi. O, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Təşkilatı çərçivəsində əməkdaşlığını vurğuladı.

İndoneziyanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək mövqeyinə görə nazir Ceyhun Bayramov İndoneziya səfirinə təşəkkürünü ifadə etdi.

Nazir, həmçinin qarşı tərəfə Ermənistanın bölgədə sülh və təhlükəsizliyə təhdid törədən təcavüzkar siyasəti, o cümlədən bu ilin 12 iyul tarixində iki dövlətin beynəlxalq sərhədi boyu Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin öncədən planlaşdırdığı növbəti hərbi təxribatı barədə məlumat verdi. Bu təxribat ilə məqsədlərinə nail olmayan Ermənistanın beynəlxalq ictimaiyyətin qətiyyətli mövqeyi ilə üzləşdiyi vurğulandı.

Səfir Husnan Bey Fananie Xarici İşlər naziri təyinatı ilə əlaqədar Ceyhun Bayramova səmimi təbriklərini çatdırdı. Daha sonra o, iki dövlət sərhədində yaşanan gərginlik nəticəsində həyatlarını itirən şəhidlərin ailələrinə və Azərbaycan hökumətinə baş sağlığını bildirdi. O, İndoneziyanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstəyinin birmənalı olduğunu qeyd etdi.

Səfir fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində səylərin göstərildiyini qeyd edərək, bu xüsusda bir sıra sahələrdə əməkdaşlığın inkişafı potensialının mövcud olduğunu söylədi. O, iki ölkə arasında səfər mübadiləsinin, bu münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyindən əminlik ifadə etdi.

Nazir Ceyhun Bayramov səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti