...

İşğal edilmiş bölgələrdə hər hansı biznes fəaliyyətinin həyata keçirilməsi qanunaziddir

Siyasət Materials 8 Sentyabr 2020 18:30 (UTC +04:00)
İşğal edilmiş bölgələrdə hər hansı biznes fəaliyyətinin həyata keçirilməsi qanunaziddir

Bakı. Trend:

Beynəlxalq hüquq və konvensiyalara görə, işğal edilmiş bölgələrdə hər hansı biznes fəaliyyətinin və investitsiya qoyuluşunun həyata keçirilməsi qanunaziddir. Heç bir ölkə bu fəaliyyətlərin gələcəyinə və təhlükəsizliyinə dair təminat verə bilməz, digər tərəfdən bu fəaliyyətlər şirkətlərin işgüzar nüfuzunu şübhə altına alır və xələl gətirir. Baxmayaraq ki, Ermənstan silahlı birləşmələri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini 1993-cü ildən qanunsuz olaraq işğal altında saxlayır, bəzi xarici şirkətlər bu bölgəyə sərmayə qoymaqdan çəkinmirlər.

Belə şirkətlərdən biri Frank Muller Qrupudur. Bu şirkət inşaat, dizayn, bahalı zinyət əşyaları və saatların istehsalı ilə məşqul olur və bu sahədə Pierre Coffey qrupu ilə tərəfdaşlıq edir. Frank Mullerin istehsal etdiyi saatlar Demi Mur və Elton Con kimi məhşurlar tərəfindən istifadə edilir. Bu şirkətin rəhbəri erməni əsilli Vartan Sirmeyks ermənistan və separatist rejim tərəfindən idarə olunan qondarma “Dağlıq Qarabağ” ərazisində əsas investorlardan biridir. Sirmeyks həm ermənistan, həm də qondarma “Dağlıq Qarabağ” bölgəsinin iqtisadi inkişafı və yeni iş yerlərinin açılması üçün xüsusi proqramlar icra edəcəyini açıqlamışdır. Hələ 2014-cü ilin Oktyabr ayından “Tundurqet Ermənstan” mənbəsinə istinadən bu şirkətə məxsus olan “Gold Star CJSC” qrupu Azərbaycanın işğal olunmuş Zəngilan rayonunun Vejnəli kəndi yaxınlığında qızıl yataqlarının istismarına başlayacağına dair məlumatlar yer almışdır. Bu şirkətin beynəlxalq konvensiya və normaları pozaraq Azərbaycanın işğal edilmiş torpaqlarında digər biznes fəaliyyətlərinə dair məlumatlar da mövcuddur. 2015-ci ildə Bakının Nərimanov rayon məhkəməsi sözügedən şirkətin rəhbəri İsveçrə vətəndaşı olan Vartan Sirmeyksin məsuliyyətə cəlb olunması üçün İnterpola axtarış vermişdir.

Azərbaycan hökuməti dünya birliyinə, xarici şirkətlərə və vətəndaşlara dəfələrlə müraciət edərək Azərbaycanın işğal olunmuş ərazisi hesab olunan Dağlıq Qarabağa səfər etməkdən, orada hər hansı iş görməkdən çəkinməyə çağırış etmişdir. Bu çağırışlara əməl etməyərək işğal olunmuş ərazilərə qanunsuz səfər edən və orada hər hansı biznes fəaliyyəti ilə məşğul olan şəxslər beynəlxalq qanun çərçivəsində müvafiq addımlarla qarşılaşmışdır.

Biz vətəndaş cəmiyyəti olaraq bir daha beynəlxalq birliyə, xarici şirkətlərə və vətəndaşlara müraciət edirik və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə hər hansı səfərdən və fəaliyyətdən çəkinməyə çağırırıq. Xarici şirkətlərin bu cür qanunsuz fəaliyyəti ilk növbətə onların işgüzar nüfuzuna xələl gətirən amilə çevriləcək və onların əməllərinə beynəlxalq hüquq çərçivəsində qiymət verilməklə nəticələcək. Ermənistanla Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmamış işğal olunmuş bölgədə hər hansı biznes fəaliyyəti, investitsiya qoyuluşu istənilən an təhlükə altına düşə bilər. Biz işğal olunmuş bölgədə separatizmə dəstək olacaq istənilən buna bənzər addıma öz kəskin etirazımızı bildiririk.

Vüqar Əhmədov
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin Sədri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti