...

Ukraynanın İctimai Televiziyasında Ermənistanın saxta təbliğatı ifşa edilib (FOTO/VİDEO)

Siyasət Materials 3 Oktyabr 2020 17:02 (UTC +04:00)
Ukraynanın İctimai Televiziyasında Ermənistanın saxta təbliğatı ifşa edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Ukraynanın İctimai Televiziyasında Ermənistanın saxta təbliğatı ifşa olunub və işğalçılıq siyasəti pislənilib.

Trend xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu telekanala müsahibəsində Ermənistanın yaydığı feyk xəbərlərə toxunaraq, Ermənistanın bu ölkədəki səfiri Tiqran Seyranyanın yalanlarını üzə çıxarıb.

Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizəyə başladığını deyən E.Axundova qeyd edib: “Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə, təhqirinə, təxribatına 30 il dözdü. Daha dözmək fikrimiz yoxdur, Azərbaycan əsgəri öz torpaqlarının bütövlüyü uğrunda vuruşur, şəhid olur. Azərbaycan Ordusunun guya Ermənistan ərazisini vurması barədə yayılan xəbərlər tamamilə yanlışdır. Bizim başqa ölkənin ərazisində gözümüz yoxdur, Azərbaycan mübarizəsini işğal altında olan ərazilərində aparır”.

Guya Türkiyənin “F-16” təyyarəsinin Ermənistanın “Su-25” təyyarəsini vurması barədə erməni səfirinin iddialarını təkzib edən Elmira Axundova bildirib ki, müasir texnika dövründə “F-16”ların səmada uçuş aparmasını aşkarlamaq çox asandır.

“Əgər bununla bağlı fakt yoxdursa, necə yalan söyləmək olar? Ermənistan pilotları gecə uçuşları həyata keçirə bilmirlər. “Su-25” təyyarəsi duman şəraitində öz dağlarına çırpılaraq qəzaya uğrayıb. Türkiyənin Azərbaycan ərazisində hərbi əməliyyatlarda iştirakına dair heç bir dəlil və ya fakt yoxdur. Əgər varsa, göstərsinlər. Ancaq Azərbaycan Livan terrorçularının işğal olunmuş ərazilərdə döyüşməsinə dair kifayət qədər fakt ortaya çıxarıb”, - deyə səfir vurğulayıb.

E.Axundova qeyd edib ki, Azərbaycan yalnız hərbi obyektləri vurur, ancaq Ermənistan mülki obyektlərimizi raket atəşinə tutur. Nəticədə Azərbaycanın onlarca mülki şəxsi həlak olub, yüzlərlə insan yaralanıb. Çoxlu sayda evə, mülki obyektə, xəstəxanalara, orta məktəblərə ziyan dəyib.

Ukrayna dövlətinə Azərbaycanın haqlı işinə dəstək verdiyi üçün təşəkkür edən diplomat Prezident İlham Əliyevin bəyanatına istinadla vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir, Ermənistan xalqı bunu anlamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti