...

Səfir Elmira Axundova: Azərbaycanın son məqsədi işğal olunmuş bütün əraziləri azad etməkdir (VİDEO)

Siyasət Materials 5 Oktyabr 2020 14:13 (UTC +04:00)
Səfir Elmira Axundova: Azərbaycanın son məqsədi işğal olunmuş bütün əraziləri azad etməkdir (VİDEO)

Bakı. Trend:

Hərbi əməliyyatların son məqsədi işğal olunmuş bütün ərazilərin azad etmək və sonra beynəlxalq vasitəçilər də cəlb olunmaqla sülh danışıqlarına başlamaqdır. Biz 26 il sülh danışıqlarına hazır idik və müxtəlif nizamlama planları ilə razılaşaraq bu danışıqları aparırdıq, sonda isə Nikol Paşinyan və onun komandası öz təxribatları ilə bu danışıqların üstündən xətt çəkdilər.

Trend-in məlumatına görə, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Ukraynanın “Pryamoy” telekanalında deyib.

Səfir qeyd edib ki, indi bizim nəyi və kiminlə müzakirə edəcəyimiz məlum deyil. Dağlıq Qarabağa gəlincə, o, Azərbaycan Respublikasının tərkibində olub və olacaq.

E.Axundova deyib: “Biz separatçıların dağıtdıqları bütün infrastrukturu bərpa edəcəyik, şəhərlərimizi və kəndlərimizi bərpa edəcəyik, bizim qaçqınlar doğma yerlərinə qayıdacaq və başıbəlalı Qarabağ torpağında çoxdan gözlənilən sülh, nəhayət, bərqərar olacaq. Mülki vətəndaşlara gəlincə, Prezidentin köməkçisi Hikmət Hacıyevin dediyi kimi, “Azərbaycan Dağlıq Qarabağ regionu ərazisində yaşayan və Azərbaycan tərəfinə keçməyi arzulayan mülki vətəndaşlara tam təhlükəsizlik vəd edir... Onlar zəruri qidalanma, sığınacaqla təmin ediləcək və Cenevrə konvensiyalarına uyğun olaraq tam təhlükəsiz şəraitdə olacaqlar”.

Səfir vurğulayıb ki, oktyabrın 3-dən 4-nə keçən gecə biz Ağdərə rayonunun Madagiz (Prezident ona əzəli adını qaytardı - Suqovuşan), Tərtər rayonunun Talış, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı yaşayış məntəqələrini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini azad etmişik. Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun bir neçə kəndini işğaldan azad edib.

“İşğalçı rejimin dəstəbaşı Arutyunyan bəyan edib ki, onlar Gəncəyə atəş zərbəsini Dağlıq Qarabağ ərazilərindən endiriblər. Bu, ağ yalandır. Çünki Dağlıq Qarabağın işğalçı ordusunun arsenalında mövcud olan atəş vasitələri Gəncə ərazilərinə bu uzaqlıqdan və bu cür qüvvədə atəş zərbəsi endirməyə imkan vermir. Bu təxribat Ermənistan ərazisindən həyata keçirilib”, - deyən səfir daha sonra qeyd edib ki, Türkiyə regiondakı bir sıra iri dövlətlərlə yanaşı Qafqazda sabitliyimizin qarantıdır. O deyib: “Canlı qüvvə sarıdan kömək məsələsinə gəlincə, bu, mövcud deyil və bu barədə heç bir dəlil yoxdur. Bu, erməni tərəfinin saxta məlumatlarıdır ki, ən əvvəl münaqişəni beynəlmiləlləşdirmək və onun həllinə üçüncü qüvvələri cəlb etmək məqsədi daşıyır. Ermənistanın işğal olunmuş ərazilərimizdə son aylarda apardığı məskunlaşma siyasəti çərçivəsində bu ərazilərə əcnəbi muzdluları yeritməsi və onları “könüllülər dəstəsi” adı altında öz ordusuna cəlb etməsi faktı sübut edir ki, terrorizm Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti