...

Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib

Siyasət Materials 15 Oktyabr 2020 10:10 (UTC +04:00)
Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib

Bakı. Elçin Mehdiyev - Trend:

Oktyabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, spiker qonağı salamlayaraq deyib ki, Azərbaycan dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən BMT ilə əlaqələrin inkişafına böyük önəm verir. O, təşkilatın Bakıdakı ofisinin ölkədə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etdiyini vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Sədr BMT-nin bu münaqişəyə dair qəbul etdiyi 4 qətnamənin bugünədək yerinə yetirilməməsini təəssüf hissi ilə qeyd edib. Bildirilib ki, Ermənistan BMT kimi nüfuzlu bir təşkilatın qərarlarına məhəl qoymayaraq, işğalçılıq siyasətindən əl çəkmir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti heç bir nəticə verməyib. Yeni ərazilər iddiasına düşmüş Ermənistan isə təxribatlarını davam etdirir. Bu da regionda gərginliyin artmasına səbəb olur.

Spiker Ermənistan silahlı qüvvələrinin Azərbaycanın iri şəhərlərini, rayon mərkəzlərini və kəndləri artilleriya atəşinə, raket hücumlarına məruz qoyduğunu, mülki əhalini və mülki obyektləri hədəfə aldığını bildirib.

Qeyd edilib ki, yaranmış vəziyyətlə əlaqədar Milli Məclis bir sıra ölkələrin parlamentlərinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.

Sədr deyib ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Ermənistan isə hər dəfə beynəlxalq hüquqa məhəl qoymadığını öz davranışları ilə bütün dünyaya nümayiş etdirir.

BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai səmimi görüşə və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda yaranmış vəziyyət haqqında ətraflı məlumata görə Milli Məclisin Sədrinə təşəkkür edərək münaqişə ilə bağlı təmsil etdiyi qurumun mövqeyini bir daha diqqətə çatdırıb. Qulam İsakzai problemin tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib.

Sonra qonaq qlobal pandemiya - COVİD-19-a qarşı mübarizədə Azərbaycanın təşəbbüslərini və gördüyü işləri təqdir edib. Qeyd edilib ki, bu məsələdə BMT-nin Bakı ofisi TƏBİB ilə daim əlaqə saxlayır və növbəti illər üçün Azərbaycan dövləti ilə birgə görüləcək işlərin planı hazırlanır.

Görüşdə BMT ilə ölkəmiz arasında əməkdaşlığın inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti