...

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması tarixi ədalətin bərpasıdır - Tarixçi

Siyasət Materials 20 Oktyabr 2020 23:57 (UTC +04:00)
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması tarixi ədalətin bərpasıdır - Tarixçi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad olunması istiqamətində həyata keçirdiyi əməliyyatlar nəticəsində Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması tarixi ədalətin bərpasıdır.

Bunu Trend-ə AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı deyib.

Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılmasını hərbi baxımdan da strateji uğur sayan tarixçi alimin sözlərinə görə, tarix boyu Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, bir neçə gün əvvəl erməni işğalından azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çevrilib. Xudafərin körpüsü həmişə xalqımızın qədimlik və birlik rəmzinin təzühürü olaraq öz mənəvi dəyərini qoruyub saxlayıb.

M.Ağalarlı qeyd edib ki, Xudafərin körpüləri Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Bu körpünü Azərbaycanın orta əsrlər dövrü inşaatçılıq-mühəndislik sənətinin ən gözəl nümunələrindən hesab etmək olar:

"Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bu gün də öz mövcudluğunu qorumaqdadır. Azərbaycanın memarlıq sənətində olduqca qədim və əzəmətli abidələr haqqında tarixi qaynaqlarda çoxsaylı məlumatlar əks olunsa da, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Əsas tarixi qənaət ondan ibarətdir ki, 15 aşırımlı körpü 1027-ci ildə Azərbaycan hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa etdirilmişdir. 11 aşrımlı körpü isə XIII əsrdə Elxanilərin Azərbaycanda hakimiyyəti dövründə inşa və yaxud bərpa edilmişdir. Tarix boyu Xudafərin körpüsü Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynamışdır. Eyni zamanda Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən əsas vasitələrdən biri olub. 30 illik erməni əsirliyində olan Xudafərin körpüləri siyasi, iqtisadi zərərləri ilə yanaşı xalqımızın qəlbində böyük mənəvi yaralara da yol açmışdır. Artıq qarşıdan gələn, xalqımızın birlik və dirilik bayramı olan Novruz bayramında Xudafərin körpüsünün hər iki tərəfində üç tonqal – birlik, bərabərlik, sülh tonqlalı qalanacaq. Xudafərin körpüsü üzərində qalanan bu tonqallar bir daha Xudafərinin bütün Azərbaycanın birlik, bütövlük simvolu olduğunu dünyaya bəyan edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti