...

Ermənistanın təcavüzkar siyasəti onu bütün qlobal əhəmiyyətli layihələrdən təcrid edib - Deputat

Siyasət Materials 7 Noyabr 2020 11:48 (UTC +04:00)
Ermənistanın təcavüzkar siyasəti onu bütün qlobal əhəmiyyətli layihələrdən təcrid edib - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanın təcavüzkar siyasəti bu ölkənin bütün qlobal əhəmiyyətli iqtisadi layihələrdən təcrid olunmasına səbəb olub. Təəssüf ki, Ermənistan rəhbərliyi hələ də dünyada və regionda gedən geosiyasi proseslərin məğzini anlamır və öz xalqını daha böyük problemlərə doğru sürükləyir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycana qarşı Ermənistanın 27 sentyabrda həyata keçirdiyi hərbi təxribat, eləcə də dinc sakinlərin həlak olması ilə nəticələnən hərbi cinayətlər bu ölkənin onsuz da yaxşı olmayan beynəlxalq imicinə daha böyük zərbələr vurur.

R.Məmmədovun fikrincə, region ölkələrinin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyini vurğulaması Ermənistanın nə qədər yanlış siyasət yürütdüyünü bir daha nümayiş etdirir:

“Nikol Paşinyanın Rusiya Prezidentinə ünvanlandığı məktuba Rusiya Xarici İşlər Nazirliyinin cavabı, İranın dövlət rəhbərlərinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı bəyanatları, Gürcüstanın bu məsələ ilə bağlı birmənalı mövqe nümayiş etdirməsi - bütün bunlar bir daha göstərir ki, Ermənistanın atdığı addımlar, regionda sülhü və sabitliyi, ümumi təhlükəsizliyi təhdid edən siyasəti heç bir ölkə tərəfindən təqdir olunmur. Şübhəsiz ki, Azərbaycanın həm ötən müddətdə, həm də hərbi əməliyyatlar dövründə fəal diplomatiyası bu nəticənin əldə olunmasında mühüm rol oynayıb”.

Deputat bildirib ki, Azərbaycan regionda açıq siyasət yürüdür, beynəlxalq münasibətlərdə etibarlı və dayanıqlı tərəfdaş ölkə kimi qəbul olunur. O qeyd edib ki, Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasət strategiyası Azərbaycanın milli maraqlarına əsaslanır, eyni zamanda digər dövlətlərin də maraqlarına hörmətlə yanaşmaq prinsipindən çıxış edir:

“İndi həm regionda, həm də bütün dünyada beynəlxalq münasibətlərin xarakterini dəyişən yeni çağırışlar mövcuddur. Ermənistanda isə bu yenilikləri adekvat qiymətləndirə bilən hakimiyyət yoxdur. Erməni xalqının əsas problemi də elə bundan ibarətdir”.

R.Məmmədov hesab edir ki, təhlükəsizlik məsələsi beynəlxalq münasibətlərdə, dövlətlərin xarici siyasətində ön plana çıxan, bir çox digər proseslərə yön verən əsas amillərdən birinə çevrilib:

“Lakin Ermənistan dövlətinin ən müxtəlif istiqamətlərlə bağlı siyasəti nəticə etibarilə regionda təhlükəsizlik balansının pozulmasına, daha böyük münaqişələrin baş qaldırmasına xidmət edir ki, bu həm region dövlətlərinin, həm də qlobal güclərin narahatlığına səbəb olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti