...

Bu qələbə ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq - Deputat

Siyasət Materials 12 Noyabr 2020 14:52 (UTC +04:00)
Bu qələbə ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edərək tarixi qələbəyə imza atıb. Bunu artıq nəinki Ermənistanda, eyni zamanda beynəlxalq aləmdə də hər kəs etiraf edir. Azərbaycan Prezidentinin rəhbərliyi altında qazanılmış bu qələbə, ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda baş verən proseslər Azərbaycanın əldə etdiyi nailiyyətin nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir.

Deputat bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiya aktıdır:

“Bu sənəd Ermənistanın ağır məğlubiyyətinin təsdiqidir. Bəyanatın ən əhəmiyyətli tərəflərindən biri bundan ibarətdir ki, Azərbaycan 27 ildir işğal altında qalan ərazilərinin bir hissəsini hərbi əmliyyatlarsız, itkisiz əldə etmək imkanı qazanır. Eyni zamanda, bütün ərazisində dövlət suverenliyini təmin edir. Dağlıq Qarabağa isə heç bir xüsusi hüquqi status verilmir”.

R.Məmmədov hesab edir ki, Azərbaycan bu tarixi qələbəyə imza atmaqla həm də regionun geosiyasi mənzərəsini tamamilə dəyişməyə müvəffəq olub, beynəlxalq münasibətlər sistemində öz rolunu və təsirini daha da gücləndirib:

“Şübhəsiz ki, bu qələbənin siyasi, iqtisadi, sosial, psixoloji, hərbi, eyni zamanda beynəlxalq əhəmiyyətli nəticələrini mütəxəssislər daha geniş təhlil edəcək. Ən əsas məqamlardan biri, Vətən müharibəsində əldə olunmuş tarixi zəfərin regionda mövcud siyasi reallıqlara təsiri ilə müəyyənləşəcək. Azərbaycan bütün dünyaya regionun yalnız iqtisadi baxımdan deyil, həm də hərbi-siyasi kontekstdə ən güclü dövləti olduğunu göstərdi. Bu, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artıran əsas amillərdən birinə çevriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti