...

Vəzifəli şəxslər tərəfindən Ombudsmanın müraciətlərinə baxılması işinə diqqət artırılmalıdır - Ombudsman (MÜSAHİBƏ)

Siyasət Materials 10 Dekabr 2020 15:35 (UTC +04:00)
Vəzifəli şəxslər tərəfindən Ombudsmanın müraciətlərinə baxılması işinə diqqət artırılmalıdır - Ombudsman (MÜSAHİBƏ)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Trend-ə müsahibəsi

- Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilmiş hüquqi islahatlar barədə fikirlərinizi bilmək istərdik.

- İnsan bir sıra mühüm, toxunulmaz və təbii hüquqlarla birlikdə həyata göz açır. Bu hüquqlar dövlət tərəfindən də hörmətlə qəbul edilməli, onların qorunması dövlətin ən ali vəzifəsi olmalıdır.

18 oktyabr 1991-ci il tarixli Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan etmişdir.
Müstəqilliyini əldə etdikdən sonra ölkəmiz BMT-yə üzv qəbul olunmuş və elə həmin il BMT-nin qəbul etdiyi Paktlara, habelə Uşaq Hüquqları Konvensiyasına və digər beynəlxalq sənədlərə qoşulmuşdur.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, xalqın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitlik bərqərar oldu, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində real addımlar atıldı. Bununla da Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlandı və ölkəmiz bu sistemdə mühüm mövqelər qazanan müstəqil tərəfdaşa çevrildi.

Müasir dünyada hər hansı cəmiyyətin, dövlətin demokratik xarakteri xeyli dərəcədə ölkədə şəxsiyyətin konstitusiya yolu ilə təsbit edilmiş hüquq və azadlıqları sisteminin miqyası, təbiəti və təminatı mexanizminin səmərəliliyi ilə müəyyən edilir.

Demokratik hüquqi dövlətdə əsas qanun hesab olunan konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyi ifadə etdirən cəmiyyətin də əsas qanunudur. Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıqlarını, hakimiyyətin ictimai-siyasi institutlarını və xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir.

Bu baxımdan Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə hüquqi islahatların təməli qoyulmuşdur. Belə ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə demokratik şəkildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında da Bəyannamənin ruhuna uyğun olaraq insan hüquq və azadlıqlarının təsbitinə xüsusi önəm verilmişdir. Belə demək olar ki, yeni, müstəqil dövlət olan Azərbaycan Respublikası demokratiya və insan hüquqlarının bir-biri ilə qırılmaz bağlılığını əsas götürərək və demokratik, hüquqi dövlət qurmağı ən ümdə vəzifələrdən biri hesab edərək, insan hüquqlarının müasir konsepsiyasını ölkə Konstitusiyası səviyyəsində tanımış və onun adekvat normativ əsasını yaratmışdır.

Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunmuşdur.

Əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatlar əhalinin bütün qruplarının sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, hüquq bərabərliyinin qanunvericilikdə və icra prosesində təmininə, habelə sülhə və dayanıqlı inkişafa yönəlmişdir.

Bunun nəticəsidir ki, qısa müstəqillik dövründə və 30 ilə yaxın bir müddətdə işğalçı Ermənistanın hərbi təcavüzü şəraitində olmasına baxmayaraq ölkəmizdə sabitlik möhkəmlənmiş, iqtisadiyyatın inkişafı üzrə dünyada öndə, MDB-də birinci yerdəyik və insanlar arasında tolerantlıq, multikulturalizm, dostluq və həmrəylik mühiti hökm sürür. Aparılan məqsədyönlü islahatlar insan hüquqlarının təmininə, bərabərlik və əməkdaşlığın bərqərar olunmasına real imkanlar yaradır.

Azərbaycan bu dövrdə geniş beynəlxalq əməkdaşlığını davam etdirmiş və böyük nüfuz sahibi olmuş, beynəlxalq müqavilələrə qoşulmuş, çoxsaylı qanunvericilik aktları qəbul olunmuş, bunların icrasını və hər bir kəsin bərabər insan hüquqlarını təmin etmək üçün səmərəli və yeni məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatı yaradılmışdır.

Ombudsmanın da əsas qayəsi - hər bir kəsin ayrı-seçkiliyə yol vermədən bütün hüquqlarını təmin etmək naminə fərdlə dövlət arasında körpü rolunu oynayaraq, nəticədə demokratik idarəetməni təkmilləşdirmək, dövlət qurumları tərəfindən insan hüquqlarının təmin edilməsi, qanunun aliliyinin bərqərar olunması ilə dövlətdə sabitlik və hərtərəfli dayanıqlı inkişafa dəstək verməkdir və bu məqsədlə ölkənin bütün şəhər və rayonlarını əhatə etməklə sistemli, dinamik iş aparılır.

Ölkəmizin Konstitusiyasına və milli qanunvericiliyə, qoşulduğumuz beynəlxalq müqavilələlərə uyğun olaraq dövlətimizin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında həyata keçirir, hər bir kəsin, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinə xidmət edir.

Təbii ki, bu gün haqqında söhbət açdığımız BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin də mahiyyəti məhz hər bir insana insani yanaşmaqdır.

- Ombudsmanın dövlət qurumları, yerli özünüidarə orqanları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı hansı səviyyədədir?

- İnsan hüquqlarının müdafiəsi, təşviqi və monitorinqi sahəsində məhkəmədənkənar müstəqil hüquq müdafiə mexanizmi və milli insan hüquqları institutu kimi səmərəli fəaliyyət göstərən Ombudsman təsisatının hüquqi statusunu və müstəqilliyinin təminatlarını müəyyən edən 28 dekabr 2001-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa əsasən Ombudsman dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilmişdir.

Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.

Eyni zamanda, Müvəkkil maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına daxil olmaq, onların rəhbərləri tərəfindən təxirəsalınmadan qəbul edilmək, həmin orqanlardan, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 iş günü müddətində almaq hüququna malikdir.

Mövcud qanunvericilik Müvəkkilin qanuni fəaliyyətinə maneələr törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur.

Müvəkkil yerli icra strukturları tərəfindən pozulan insan hüquqlarının bərpa edilməsi və insanların hüquqlarının müdafiəsinin düzgün təşkili, habelə insan hüquqlarına dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən əməl edilməsinin qaçılmaz zərurət olduğunu nəzərə alaraq həmin orqanlarla əməkdaşlığa böyük üstünlük vermişdir.

Ölkənin kənd və rayonlarından Müvəkkilin ünvanına göndərilən şikayətlərlə bağlı müxtəlif yerli icra hakimiyyətlərinə sorğular göndərilmiş və müraciətlər təmin edilmişdir.

Təmin edilmiş müraciətlər əmək hüquqları, o cümlədən işə bərpa, əmək haqqı borcunun ödənilməsi, bundan başqa, sosial təminat hüququ, sahibkarlıq fəaliyyəti, torpağa mülkiyyət hüququ, mənzil hüququ və s. ilə bağlı olmuşdur.

Müvəkkil respublikamızın müxtəlif şəhər və rayonlarında keçirilmiş görüşlər zamanı ərizəçiləri qəbul etmiş, şikayətlərə baxmış və bir sıra məsələlər yerində yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə birlikdə həll edilmişdir. Bu cür tədbirlər rayonlarda ərizələrə baxılmasının səmərəliliyinin artmasına, Ombudsman təsisatının nüfuzunun yüksəlməsinə və ona inamın daha da artmasına xidmət etmişdir.

Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərarlara əsaslanaraq ölkədə kütləvi tədbirlərin keçirilməsi də təxirə salındığına görə əhali qruplarının hüquqi maarifləndirilməsi, xüsusilə də sağlamlıq hüquqlarının təbliğinə əsaslanan məlumatlandırma tədbirləri ilə yanaşı, pozulmuş hüquqların bərpasına və pozulmasının qarşısının alınmasına xidmət edən işlər canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə həyata keçirilir.

Müvəkkil tərəfindən əvvəllər ənənəvi formada, hazırda isə mövcud vəziyyətlə əlaqədar onlayn formatda təşkil edilmiş və insan hüquqlarının müdafiəsi məsələlərinə həsr olunmuş bir çox tədbirlərdə dövlət qurumlarının, yerli özünüidarə orqanlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak etmişlər.

Ötən dövr ərzində həyata keçirilmiş fəaliyyətin nəticələri göstərir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi məqsədi ilə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən Ombudsmanın müraciətlərinə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılması, şikayətlərdə əks etdirilmiş halların təxirə salınmadan yoxlanılması işinə diqqət artırılmalıdır.

- Ombudsman təsisatı tərəfindən həyata keçirilən insan hüquqları sahəsində təhsil və maarifləndirmə fəaliyyəti barədə nələri qeyd etmək istərdiniz?

- Ombudsman təsisatı tərəfindən ötən dövrlərdə təhsil müəssisələri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Polis və Ədliyyə Akademiyaları, habelə Baş Prokurorluğun tədris mərkəzində və hərbi sahədə kadr hazırlayan təhsil müəssisələrində həmin müəssisələrin proqramına əsasən, gənc müdavimlərə, ixtisaslaşmaya cəlb olunmuş şəxslərə, hakimlərə, vəkillərə, dövlət qulluqçularına ünvanlanan ardıcıl maarifləndirici tədbirlər təşkil olunmuşdur ki, bu da insan hüquqları tədrisi vasitəsilə onların bilik və bacarıqlarının artırılmasına xidmət etmişdir.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının fəaliyyətinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.4-cü bəndində öz əksini tapmış “orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi” ilə əlaqədar Ombudsman təsisatının Təhsil Nazirliyi ilə əməkdaşlığı əsasında orta ümumtəhsil məktəblərində “Uşaq hüquqları üzrə pilləli tədris” proqramı həyata keçirilib.

Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən davamlı olaraq hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına Bakı şəhərinin bütün rayonlarının, ölkənin digər 32 şəhər və rayonunun 190-dan çox məktəbi cəlb edilmiş, bu prosesdə fərqlənmiş 11.500-dən artıq şagird, o cümlədən 900-dən çox müəllim Ombudsman tərəfindən sertifikatla təltif edilib.

Ombudsman tərəfindən insan hüquqları sahəsində kadrların hazırlanması işinə də geniş yer verilir. Könüllük fəaliyyəti və “İnsan hüquqları sahəsində xüsusi qısamüddətli tədris” proqramı çərçivəsində ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə ümumilikdə 399 tələbə və magistrantı təsisatda istehsalat təcrübəsi üzrə fəaliyyət həyata keçirilmişdir.
Təəssüflə bildirim ki, COVID-19 pandemiyası bu kimi faəliyyətləri ənənəvi formada davam etdirməyə çətinliklər yaradıb.

Bakı Dövlət Universitetində yaradılmış “İnsan hüquqları və informasiya hüququ” YUNESKO kafedrasında bakalavriat və magistratura səviyyələrində insan hüquqları üzrə yüksək ixtisaslı kadr hazırlığının bu sahədə elmi yanaşma nümayiş etdirilməklə onlayn formada davam etdirilməsi, “İnsan hüquqları”, habelə “Genderə giriş” fənlərinin müstəqil bir fənn kimi universitet səviyyəsində tədrisi, “Genderə giriş” fənni üzrə mühazirələr toplusunun kitab şəklində nəşr etdirilməsi yeni nəsil hüquqşünaslar, sosial işçilər və ixtisaslaşmış psixoloqların hazırlanması işinə öz töhfəsini vermişdir.

Əhali qruplarına ünvanlanan hüquqi maarifləndirmə fəaliyyəti çərçivəsində uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, qaçqın, məcburi köçkün və miqrantların və digər əhali qruplarının hüquqlarının müdafiəsi ilə yanaşı, onların maarifləndirilməsinin təşkili fəaliyyətində əsas yerlərdən birini tutur.

- Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri mülki əhalinin fundamental insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnib. Bununla bağlı faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ombudsman təsisatı tərəfindən hansı addımlar atılıb?

- 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə hərbi təcavüzü nəticəsində mülki əhali arasında çoxsaylı insan tələfatı baş verib, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər qadağan olunmuş silahlardan, o cümlədən ağır artilleriya və raket qurğularından istifadə edilməklə dağıdılıb, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin qurbanına çevrilib.

Bununla əlaqədar tərəfimizdən ilk gündən Naftalan, Tərtər, Gəncə, Bərdə şəhər və rayonlarında, ətraf kəndlərdə yerində faktaraşdırıcı missiyalar həyata keçirilib, beynəlxalq təşkilatlara ünvanlanan 7 hesabat, 8 bəyanat, 12 müraciət, 50 dən çox mətbuat açıqlaması faktlar əsasında hazırlanmaqla təqdim olunub, dünya ictimaiyyəti məlumatlandırılıb, çağırışlar edilib. Hesabatlar və müvafiq məlumatlar 2 dildə www.ombudsman.az rəsmi internet səhifəsində yerləşdirilib, mütəmadi olaraq məlumatlar sosial şəbəkələrdəki səhifələrimizdə yayımlanıb.

Təqdim olunmuş hesabatlarda Ermənistanın aktiv döyüş əməliyyatları zonasından uzaq məsafədə yerləşən yaşayış məntəqələrini və hərbi əməliyyatların iştirakçısı olmayan mülki əhalini hədəf seçməklə, çoxsaylı dinc sakinləri, o cümlədən uşaq və qadınları qətlə yetirməsi, tarixi, mədəni və dini abidələri, qəbiristanlıqları əməliyyat-taktiki ballistik raket kompleksindən və ağır artilleriya qurğularından istifadə etməklə atəşə tutması nəticəsində törətdiyi cinayətlər obyektiv və real faktlarla təqdim edilib.

Əsassız mövqe nümayiş etdirən Amnesty International, BMT-nin Uşaq Fondu və digər təşkilatlara ünvanlanan etiraz bəyanatları da təsirli tədbirlərin görülməsinə imkan verib.
Faktaraşdırıcı missiya və araşdırmaların həyata keçirilməsi prosesinə dəvətimizlə beynəlxalq təşkilatların, xarici ölkələrin milli insan hüquqları və Ombudsman təssiatlarının nümayəndələri, yerli və xarici televiziya kanalları və digər media nümayəndələri də cəlb olunub. Təşəbbüsümüz əsasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Gəncədə faktaraşdırıcı missiya həyata keçirilib, bununla bağlı hesabat dərc olunaraq beynəlxalq ictimaiyyətə təqdim olunub.

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində tarixi-mədəni və dini abidələrin, o cümlədən ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurduğu ciddi ziyanı nəzərə almadan, ekoloji terror aktları törədərək həll yolu kimi meşələrin yandırılmasını öz hərbi məqsədləri üçün istifadə etməsi də faktlar əsasında beynəlxalq təşkilatlara təqdim olunub, xüsusi prosedurların tətbiqi və hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi də bəyanat və çağırışlarda yer alıb. Tərəfimizdən Ermənistanın hərbi təcavüzü ilə əlaqədar 44 gün davam edən müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı fosfor tərkibli kimyəvi silahlardan dəfələrlə istifadə edilməsi ilə əlaqədar müraciət yayımlanıb.

Beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər əsasında Ermənistan tərəfindən əsir götürülmüş hərbi qulluqçularımızın məsələsi ilə bağlı sistemli işlər görülüb.
Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə əhalinin sayını süni şəkildə artırmaq və həmin ərazilərdə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək məqsədilə Livan, Suriya, İraq və digər ölkələrdən olan etnik ermənilərin həmin işğal olunmuş ərazilərə köçürülməsi ilə etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti aparılması, muzdlular və terrorçu qruplaşmaların cəlb edilməsi də faktlar əsasında beynəlxalq təşkilatlar qarşısında qaldırılıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhə bölgəsindən uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində uşaqların qətlə yetirilməsi, o cümlədən Ermənistan tərəfindən uşaqların hərbi əməliyyatlara cəlb olunması, uşaq bağçalarından və məktəblərdən hərbi komandanlıq mərkəzləri, silah-sursat anbarları kimi istifadə edilməsi kimi müharibə cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsi ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, UNICEF-ə, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə, BMT Baş Katibinin Uşaqlar və Hərbi Münaqişələr üzrə Xüsusi nümayəndəsinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə ünvanlanan müraciətlər faktlar əsasında təsdiq olunur.

Təqdim etdiyimiz hesabatların hazırlanması prosesində aparılmış araşdırmalar Ermənistanın iştirakçısı olduğu müvafiq Konvensiya və digər beynəlxalq müqavilələrin tələblərini kobud şəkildə pozduğunu faktlar əsasında təsdiqləyir. Belə ki, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyaları, xüsusən III və IV Cenevrə Konvensiyaları, Avropa İnsan Hüquqları Konvensiyası, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, “Uşaq hüquqları” haqqında BMT Konvensiyası və onun fakültativ protokolları, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasını və digər beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozması müəyyən olunub.

Qeyd olunmalıdır ki, istər beynəlxalq hüquq normalarının, istərsə də milli qanunvericiliyin tələbləri baxımından toplanmış bu faktlar aparılan araşdırmalar və istintaq proseslərində əhəmiyyətli rol oynayacaq.

- Ombudsman tərəfindən insan hüquqlarının təbliği məqsədilə ənənəvi olaraq hər il müxtəlif aylıqların elan olunduğunu və silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini müşahidə edirik. Zəhmət olmasa, bu barədə də məlumat verərdiniz.

- Ötən dövr ərzində hər il Ombudsman tərəfindən 18 may – 18 iyun tarixlərində 18 iyun – İnsan Hüquqları Günü ilə bağlı İnsan Hüquqları Aylığı, 21 avqust – 21 sentyabr tarixlərində 21 sentyabr – Beynəlxalq Sülh Günü ilə bağlı Sülh Aylığı, 20 oktyabr-20 noyabr tarixlərində isə 20 noyabr – BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edildiyi tarixlə bağlı Uşaq Hüquqları Aylığı elan edilməsi artıq bir ənənəyə çevrilmişdir.
Elan olunan həmin aylıqlar çərçivəsində Ombudsman Aparatı və regional mərkəzləri tərəfindən müvafiq dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, o cümlədən yerli icmaların, əhalinin müxtəlif sosial quruplarının, uşaqların, qadınların, əlilliyi olan şəxslərin və s. birbaşa iştirakı ilə çoxsaylı maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər və digər tədbirlər təşkil edilmiş, pandemiya dövründə isə canlı şəkildə təşkil etmək mümkün olmadığına görə bu kimi tədbirlərin yalnız online formatda keçirilməsi təmin edilmişdir.

- İstərdim bir qədər də “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası barədə danışaq.

- BMT-nin təşəbbüsü ilə hər il 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü tarixləri arasında bütün dünyada “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası keçirilir. Bu kampaniyanın əsas məqsədi qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılmasıdır.

Ombudsman təsisatı da ötən illərdə həmin kampaniyanın keçirilməsinə xüsusi əhəmiyyət vermiş, paytaxt və regionlarda geniş ictimaiyyətin, o cümlədən qadınların və yeniyetmələrin iştirakı ilə silsilə maarifləndirmə tədbirləri təşkil etmişdir.

Bildiyiniz kimi, xeyli vaxtdr ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID -19 pandemiyası ilə mübarizə məqsədilə qəbul etdiyi müvafiq qərarlara əsasən ölkəmizdə kütləvi tədbirlərin keçirilməsi də təxirə salınmışdır.

Bununla əlaqədar, Ombudsman təsisatının 25 noyabr - 25 dekabr tarixlərində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində qadın hüquqlarının müdafiəsini, qadınlara qarşı zorakılıqla mübarizəni, gender bərabərliyinin təmin edilməsini təbliğ edən mövzular üzrə hüquqi maarifləndirmə tədbirləri yalnız onlayn formatda təşkil edilmiş, eyni zamanda əməkdaşlarımızın digər qurmlar tərəfindən keçirilən bu kimi tədbirlərdə məruzəçi və ya iştirakçı qismində qoşulmalarına şərait yaradılmışdır.

Qeyd etmək istərdim ki, Ombudsman (Gəncə, Şəki, Cəlilabad və Quba) regional mərkəzləri də əhalinin hüquqi maarifləndirilməsi baxımından böyük əhəmiyyətə malik həmin kampaniyada fəal iştirak etmişlər.

Bu kimi tədbirlərdə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın, “Gender(kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunlarının, eləcə də 2020-ci il ərzində təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” və digər bu kimi mühüm sənədlərin müddəalarından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlər, habelə gələcək perspektivlər barədə məlumatlar verilmişdir.

- Bu günlərdə mətbuatda informasiya əldə etmək hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın fəaliyyətinin inkişaf etdirdiliyi barədə bir məlumata rast gəldim. Zəhmət olmasa, son dövrlər bu sahədə tərəfinizdən atılan addımlar barədə oxucularımıza məlumat verin.

- Bu barədə danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa uyğun olaraq, Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
İnformasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin pozulması halları ilə bağlı şikayətlər səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırılır, pozuntu hallarının aradan qaldırılması üçün müvafiq səlahiyyətli qurumlara sorğular göndərilir, müvafiq tədbirlər görülür.

Məhz elə bununla əlaqədar olaraq da Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi, Ombudsman haqqında Konstitusiya Qanunu və İnformasiya əldə etmək haqqında Qanun ilə müəyyən edilmiş səlahiyyətlərin icrası və bu sahədə fəaliyyəti daha da təkmilləşdirmək məqsədi ilə tərəfimizdən Aparatda İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılıb.

Şöbə qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmin edilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı daxil olan müraciətlərin baxılması və cavablandırılması, informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmənin, monitorinqin həyata keçirilməsi və təhlillərin aparılması, qanunvericiliklə müəyyən edilmiş qaydada informasiya əldə etmək hüququ ilə bağlı digər istiqamətlərdə fəaliyyət göstərir.

- Bildiyimizə görə artıq Ombudsmanın vahid Çağrı Mərkəzini yaratdınız və artıq fəaliyyət göstərir. Bu hansı zərurətdən yaranmışdır və rolu nədən ibarətdir?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.8-ci bəndində 2020-ci il ərzində vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılması işinin operativliyinin artırılması məqsədilə Müvəkkilə müraciətlər üçün vahid qaynar xəttin yaradılması tövsiyə olunmuşdur. Biz də bu tövsiyəni nəzərə alaraq, müraciətlərin bir mərkəzdən qəbulu, əlçatanlığın təmini və effektivliyin artırılması məqsədilə Ombudsmanın iki qaynar xətti bir mərkəzdə birləşdirilməklə yanaşı, müasir informasiya texnologiyalarından istifadə edilməklə 916 nömrəli vahid Çağrı Mərkəzi yaratdıq.

Çağrı Mərkəzinə müraciət üçün şəhər nömrələrindən 916, respublikanın regionlarından və mobil nömrələrdən isə 012 916 yığmaqla zəng etmək olar. Danışıqlar qeydə alınır və məlumat bazasına daxil edilməklə elektronlaşdırılır ki, bu da əvvəlki dövrdən fərqli olaraq, telefonla müraciət edildikdən sonra yazılı müraciət istənilməsinə ehtiyac yaratmır.

Müvəkkil tərəfindən tətbiq olunan bu yenilik insanların müraciət imkanlarının asanlaşdırılması və müraciətlərə baxılması işinin operativliyinin artırılması məqsədinə xidmət edir.

- Yeniliklərdən söhbət düşmüşkən Ombudsman Aparatında Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun yaradılması da ictimaiyyət tərəfindən müsbət qarşılanmışdır. Bu sektorun fəaliyyət istiqamətləri sırasına nələr daxildir?

- Bəli, ictimai rəyi nəzərə alaraq biz də hesab edirik ki, Ombudsman Aparatında Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunu yaratmağımız bu sahədə gördüyümüz uğurlu işlərdən biridir.

Əlilliyi olan insanların vəziyyətini, onların hüquqlarının müdafəsi ilə bağlı məsələləri diqqət mərkəzində saxlamaq, Müvəkkilin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası”nin 33.2-ci maddəsində nəzərdə tutulmuş, sənədin həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üzrə müstəqil mexanizm qismində fəaliyyətinin təmin edilməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiq edilməsi ilə bağlı təkliflər hazırlamaq, fəaliyyət çarçivəsində daxil olmuş təkliflərin, yerli və beynəlxalq təşkilatların hesabatlarının, ölkəyə verilmiş tövsiyyələrin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi sahəsində işi təşkil etmək, əlilliyin cəmiyyət tərəfindən düzgün dərk edilməsi, onlar barəsində ayrı-seçkiliyin yolverilməzliyi və əlilliyi olan şəxslərin sosial inklüzisiyası ilə bağlı hüquqi maarifləndirmə iş aparmaq, onların hüquqlarının təbliği məqsədilə müxtəlif tədris-metodiki, hüquqi maarifləndirici vəsaitlər hazırlamaq, habelə hüquqlarının pozulmasına görə məsuliyyət müəyyən edən hallarla bağlı məlumat və hesabat hazırlamaq kimi məsələlər sektorun fəaliyyət istiqamətləri sırasına daxildir.

Vurğulamaq istəyirəm ki, ölkəmizdə aparılan ardıcıl hüquqi islahatlar çərçivəsində insan hüquqlarının müdafiəsi işinin səmərəliliyinin daha da artırılması, bu sahədə vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsi istiqamətində zəruri işlərin görülməsi tərəfimizdən davam etdirilir.

Yeri gəlmişkən bunu da böyük fəxrlə qeyd etmək istərdim ki, bu gün -10 dekabr tarixi həm də xalqımızın şanlı tarixində ilk Zəfər Paradının keçirildiyi gün kimi qaldı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində uğurlara imza ataraq 30 il dərin həsrətlə gözlədiyimiz böyük Zəfər sevincini bizə yaşatdı.

Əldə olunan bu şanlı zəfər Ermənistanı Ağdam, Laçın və Kəlbəcəri siyasi-danışıqlar yolu ilə qaytarmağa məcbur etdi.

Beləliklə də Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Ordumuz bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpasına və bununla həm də BMT-nin müvafiq qətnamələrinin icrasına nail oldu.

Böyük sevinc və qürur hissi ilə qeyd etmək istəyirəm ki, müstəqillik tariximizdə ilk Zəfər Paradımız keçirildi. Bu münasibətlə xalqımızı ürəkdən təbrik edir və əbədi zəfər sevincləri arzulayıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti