Bakı. Elçin Mehdiyev – Trend:
Minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim edilməməsi Ermənistan tərəfindən xalqımza qarşı təcavüzün davam etdirilməsidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, ermənilər 30 il ərzində işğal altında saxladıqları müddətdə Azərbaycan ərazilərində çoxlu sayda mina basdımaqla böyük təhlükə yaradıblar: “Ermənilər hərbi əhəmiyyəti olmayan əraziləri də minalamaqla çoxlu sayda insanı qətlə yetirmək məqsədi güdüblər. Ermənilərin bu əməli hərbi cinayətdir və beynəlxalq konvensiyalara olduqca ziddir”.
Deputat qeyd edib ki, ermənilər bu yolla regionda sülhün və sabitliyin təmin edilməsinə mane olurlar: “Azərbaycanın 44 günlük vətən müharibəsində qələbəsindən sonra regionda yeni reallıq yaranıb. Azərbaycan regionda yeni əməkdaşlığa açıq olduğunu bəyan edib. Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi qeyri-konstruktiv, təxribat xaraterli addımlar atmaqda davam edir. Azərbaycan 10 noyabr razılaşmasına əməl etsə də Ermənistan tərəfi bu razılaşmanın bəndlərinin həyata keçirilməsinə mane olur”.
A.Hüseynov vurğulayıb ki, Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə eyni zamanda insanların öz doğma torpaqlarına qayıtmaq hüququnu pozmaqda davam edir: “Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Ermənistanın bu əməllərinə hələ də göz yumur, hər hansı bir təzyiq göstərmirlər. Vətən müharibəsi dövründə Azərbaycanı müharibəni dayandırmağa, yenidən danışıqlara başlamağa çağıran dövlətlərin, təşkilatların bu gün səsi çıxmır, minalanmış ərazilərin təqdim edilməsi ilə bağlı Ermənistana hər hansı bir təzyiq göstərmirlər. Əgər onlar doğrudan da müharibə dövründə öz çağırışlarında səmimi idilərsə, indi də Ermənistana təzyiq göstərməli idilər, lakin onların əsas məqsədinin Ermənistanı müdafiə etmək olduğunu hamı yaxşı bilirdi.
Lakin biz imkan verməməliyik ki, Ermənistan bu məsələdə öz əməllərini ört-basdır etsin. Ermənistanın minaların xəritəsini təqdim etməməsi məsələsini daha geniş beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlimizdən gələni etməliyik”.