...

Prezident İlham Əliyevin qətiyyəti Ermənistanı mina xəritəsini verməyə məcbur etdi

Siyasət Materials 13 İyun 2021 00:07 (UTC +04:00)
Prezident İlham Əliyevin qətiyyəti Ermənistanı mina xəritəsini verməyə məcbur etdi
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

"Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq".

Prezident İlham Əliyevin bu gün on ölkənin Azərbaycana yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrinin qəbulu zamanı verdiyi bu mesajın üzərindən çox keçmədi ki, Xarici İşlər Nazirliyi (XİN) o müjdəni verdi. Nazirlik bəyan elədi ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bu, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Təsəvvür edin, Ağdam kimi geniş əraziyə malik bir rayon, 97 min mina... Bunları kor-koranə şəkildə bir neçə ilə və külli miqdarda vəsait xərcləməklə təmizləmək mümkün olardı. Lakin Azərbaycan Prezidentinin bu məsələdə sərgilədiyi qətiyyət, prinsipiallıq öz nəticəsini verdi. Dövlət başçısı hər dəfə bəyan elədi ki, Ermənistan bizə bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək. Beləliklə, həm dövlət başçısı səviyyəsində, həm də ayrı-ayrı ekspertlər, siyasi xadimlər, eləcə də yerli və beynəlxalq medianın bu məsələdə nümayiş etdirdiyi həssaslıq öz bəhrəsini verdi.

Ona görə də Ağdamın mina xəritələrinin alınması ilə bağlı açıqlanan bu rəsmi xəbər Vətən Müharibəsindən sonrakı dövrdə də Azərbaycanın beynəlxalq siyasətdəki uğurunun təzahürüdür. Hətta bunu müharibədən sonra əldə olunan ilk diplomatik qələbə də adlandıra bilərik.

Baxın, işğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən basdırılan minaların xəritələrinin təhvil verilməsi ilə əlaqədar Azərbaycanın bu qədər çağırışlarına, bəyanatlarına rəğmən, Ermənistan israrla belə bir xəritələrin varlığını inkar edirdi. Hətta 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərinə də hörmətsizlik edərək qeyri-konstruktiv mövqe sərgiləyirdi. Lakin seçki öncəsi ölkədə yaşanan xaotik vəziyyətdən çıxış yolu tapmayan Ermənistan nəhayət yenidən Azərbaycanla hesablaşmağa məcbur oldu. Artıq Azərbaycanın diqtəsi ilə hərəkət etməkdən başqa bir çarəsi yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik.

Lakin Azərbaycan hər şeydən öncə sivil yolu, beynəlxalq normaları əsas götürür. Necə ki, dövlət başçısı bütün beynəlxalq platformalarda beynəlxalq ictimaiyyətdən bu məsələyə müdaxilə etməyi, Ermənistandan qeyri-insani siyasətindən imtina etməyi tələb etdi. Bu gün ABŞ Dövlət Departamentinin, eləcə də Avropa Birliyinin bu məsələdə fəal iştirak etməsi və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməyə razılaşmaq məcburiyyətində qalması məhz İlham Əliyevin bu strateji siyasətinin nəticəsidir.

Beləliklə, Prezident İlham Əliyevin strateji və taktiki siyasi xətti davam edir. Çünki qarşıda hələ çox işlər durur. Ermənistan da zənn etməməlidir ki, Ağdamla hər şey bitdi, işğaldan azad olunan digər rayonlara basdırılan minaların da xəritəsi tək-tək Azərbaycana təhvil verilməlidir. Bunu məcbur qalmadan etsə, hər şey bu ölkənin özü üçün də faydalı olacaq.

Elgün Mənsimov

Twitter: @Elgun_Mensimov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti