...

Avropa İttifaqı üçün Azərbaycan mühüm rola malikdir - Rumıniya XİN rəhbəri

Siyasət Materials 25 İyun 2021 15:59 (UTC +04:00)
Avropa İttifaqı üçün Azərbaycan mühüm rola malikdir - Rumıniya XİN rəhbəri

Bakı. Trend:

Avropa İttifaqı üçün Azərbaycan mühüm rola malikdir.

Trend-in məlumatına görə, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku iyunun 25-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Boqdan Auresku bildirib:

"Bizim burada olmağımızın məqsədi regionun sabitliyi və təhlükəsizliyinə güclü dəstək mesajını vermək, habelə Sizin də qeyd etdiyiniz kimi, münaqişədən sonrakı dövr üçün qarşıda duran bütün məsələlərin müfəssəl həlli istiqamətində nə kimi dəstəyin göstərilə biləcəyini nəzərdən keçirməkdir.

Eyni zamanda, bu səfər cari ilin sonunda keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Zirvə toplantısına hazırlıq məqsədi daşıyır. Avropa İttifaqı üçün Azərbaycan mühüm rola malikdir, enerji sahəsində strateji tərəfdaşdır, regionda Avropa İttifaqının ən iri ticarət tərəfdaşıdır və Avropa İttifaqının ən çox sərmayə yatırdığı ölkədir. Bizim üçün Azərbaycan Cənubi Qafqazın sabitliyi və firavanlığı baxımından böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanı tolerantlığın, multikulturalizmin və dinlərarası dialoqun nümunəsi kimi yüksək qiymətləndiririk. Mən bilirəm ki Siz prezidentlik dövrünüzdə bütün bunlara nail olmaq üçün böyük işlər görmüsünüz.

Ölkəniz regional bağlılıq baxımından da vacib rol oynayır. Bu sahədə də müzakirələrin aparılması və gələcək əməkdaşlıq üçün geniş imkanlar var. Münaqişədən sonrakı dövr üçün proseslərdən danışarkən Sizin fikirlərinizi öyrənmək istərdik. Bildiyiniz kimi, biz buradan Ermənistana, oradan isə Tbilisiyə səfər edəcəyik. Yəni, etimad quruculuğu, yenidənqurma, vəziyyətin sabitləşdirilməsi kimi sahələrdə biz nə edə bilərik? Bu yaxınlarda müəyyən addımlar atılıb, saxlanılan bəzi şəxslər qarşı tərəfə verilib, minaların xəritələri təqdim olunub. Biz belə prosesləri gələcəkdə dəstəkləməkdə maraqlıyıq və hesab edirik ki, etimad quruculuğu baxımdan bu, olduqca vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti