...

Azərbaycan səfiri Malayziyada müasir çəltik plantasiyasına baxış keçirib (FOTO)

Siyasət Materials 10 İyul 2021 10:54 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev Malayziya Aqrar Tədqiqatlar və İnkişaf İnstitutunun (MARDI) dəvəti ilə bu qurumun Penanq ştatında yerləşən Düyü Araşdırma və Təkmilləşdirmə Mərkəzində (Rice Center of Excellence) işçi görüş keçirib. Görüş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə MARDI arasında kənd təsərrüfatının çəltikçilik və digər sahələri üzrə əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu çərçivəsində təşkil olunub.

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı mərkəzin müasir texniki imkanları ilə bağlı təqdimat keçirilib, MARDI-nin aparıcı mütəxəssisləri tərəfindən sözügedən müəssisənin əsas fəaliyyət istiqamətləri, o cümlədən çəltikçiliyin elmi əsaslarla inkişafına dair vacib məlumatlar nəzərə çatdırılıb. Bu səpkidə araşdırma mərkəzinin fəaliyyət sahəsinə sortların inkişafı, istehsal prosesi, ziyanvericilər və xəstəliklərin idarə olunması, məhsul sonrası idarəetmə, mexanizasiya və avtomatlaşdırma, toxum istehsalı və biomüxtəlifliyin genişləndirilməsi kimi istiqamətlərin daxil olduğu vurğulanıb.

Qeyd olunub ki, indiyədək mərkəz tərəfindən 52 yeni düyü sortu tanıdılıb və dövlət qeydiyyatına alınıb. Həmçinin bildirilib ki, dövlət tərəfindən subsidiya almaq istəyən fermerlərin yalnız qeydiyyatdan keçmiş sortlardan istifadə etməsi şərti tələb olunur.

MARDI mütəxəssisləri hazırda 689.268 hektar çəltik sahəsinə malik olan Malayziyada yüksək məhsuldarlıqlı yeni sortlar və hibridlərdən istifadə edildiyini nəzərə çatdırıblar.

Təqdimat və qarşılıqlı fikir mübadiləsindən sonra səfir Q.Allahverdiyev MARDİ nümayəndələri ilə birgə mərkəzin nümunəvi çəltik plantasiyalarından birinə baxış keçirib, istehsal prosesinin müxtəlif mərhələlərini izləyib və institutun genbankı ilə tanış olub.

Azərbaycan diplomatı öz növbəsində mərkəzlə tanışlığın onda çox müsbət təəssürat oyatdığını bildirərək çəltikçilik və kənd təsərrüfatının digər sahələri üzrə ölkəmizin Malayziya ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Səfir eyni zamanda iki ölkənin çəltik sahəsi üzrə mütəxəssislərinin iştirakı ilə əməkdaşlıq üçün spesifik sahələrin birlikdə müzakirə edilməsinin vacibliyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verən Q.Allahverdiyev bu proqram çərçivəsində sözügedən sahənin inkişaf etdirilməsi və məhsuldarlığın artırılmasının, həmçinin çəltik istehsalı və emalı sahəsində innovativ texnologiyaların öyrənilməsinin və tətbiq olunmasının əsas məqsədlər kimi müəyyənləşdirildiyini vurğulayıb.

İşçi səfərə görə Azərbaycan diplomatına təşəkkür edən MARDI-nin Baş direktoru Mohamad Zabavi iki ölkənin kənd təsərrüfatı qurumları arasında imzalanmış memorandumun gələcək əməkdaşlığa mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, caril ilin iyun ayında iki ölkənin kənd təsərrüfatı institutları arasında imzalanmış memorandum dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrasından irəli gəlir. Sözügedən dövlət proqramında çəltik bitkisinin ərzaq təhlükəsizliyində xüsusi əhəmiyyəti qeyd olunub və bu sahədə dünyanın mütərəqqi təcrübəyə malik ölkələri ilə əməkdaşlığın inkişafı, kadr potensialının gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi qarşıya məqsəd kimi qoyulub. Azərbaycan və Malayziya arasında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında birgə araşdırma fəaliyyətləri, mütəxəssislərin qarşılıqlı mübadiləsi, qısa müddətli araşdırma proqramları və treyninqlər, seminar və elmi konfransların təşkili, avadanlıqlardan müştərək istifadə və digər bu kimi sahələri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti