Bakı. Trend:
Azərbaycan beynəlxalq humanitar hüquqa uyğun müharibə aparıb.
Trend-in məlumatına görə, bunu ADA Universitetində "44 Günlük Zəfər Yolu" adlı konfransda çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, 90-cı illərdə Ermənistan qalib tərəf olaraq qəbuledilməz şərtlər irəli sürür, sonrakı illərdə, Azərbaycanın mövqeyi güclənərkən isə danışıqlar prosesini ləngitmək, dalana dirəmək taktikasına əl atırdı:
"Açıq şəkildə siyasi təxribatlar həyata keçirirdilər. Daha sonra bu, hərbi təxribatlara çevrildi.
Biz bu illər ərzində qanunsuz məskunlaşma ilə bağlı faktları ortaya qoyduq. Ermənistanın təxribatçı addımları ilə bağlı beynəlxalq qurumlara qalaq-qalaq məktublar göndərdik.
Əfsuslar olsun ki, səbrimiz düzgün başa düşülmədi, Ermənistan bundan nəticə çıxarmadı. və 2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı başladı.
Azərbaycan əsgəri dövlət sərhədlərini bərpa etdi.
Hərbi əməliyyatının əsas məqsədinə gəldikdə, Prezident İlham Əliyev ilk gündən bildirdi ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycan ərazisindən silahlı qüvvələrini çıxarmaqla bağlı dəqiq tarix versə, əməliyyatları dayandıracağıq".