...

Azərbaycan XİN-də QDİƏT-lə əməkdaşlıq müzakirə edilib (FOTO)

Siyasət Materials 5 Noyabr 2021 16:51 (UTC +04:00)

Bakı. Trend:

5 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komaneskunu qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumunda iştirakla bağlı ölkəmizdə səfərdə olan baş katibi səmimiyyətlə salamlayıb və ona regional təşkilatın rəhbərliyini həyata keçirilməsi kimi məsul vəzifədə uğurlar arzulayıb. O, Azərbaycanın QDİƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Nazir, həmçinin QDİƏT baş katibinə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib.

Baş katib Lazar Komanesku Qlobal Bakı Forumunda iştirakla bağlı dəvət üçün təşəkkürünü bildirib. Forumun qlobal gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb. Azərbaycanın QDİƏT-in fəaliyyətinə önəmli töhfə verdiyini səsləndirib.

Görüş zamanı tərəflər, eyni zamanda, gələn il 30 illiyini qeyd edəcək QDİƏT-in beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması yolları ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti