...

Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Forumu: Regionu nə gözləyir? - TƏHLİL

Siyasət Materials 14 Dekabr 2021 08:00 (UTC +04:00)
Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Forumu: Regionu nə gözləyir? - TƏHLİL

Bakı. Trend:

Bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu işə başlayır. Tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edəcəklər. Gürcüstan, Azərbaycan və Türkiyənin ticarət və sənaye palataları arasında memorandumun imzalanması planlaşdırılır. Beləliklə, Bakı növbəti dəfə üç ölkə üçün lazım olan vaxtda baş tutan belə əlamətdar hadisənin keçirildiyi məkana çevriləcək. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Üç ölkənin coğrafi mövqeyini və onları birləşdirən meqalayihələri nəzərə alsaq, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatının kifayət qədər möhkəm perspektivləri var.

Qarabağ müharibəsinin başa çatması Azərbaycan-Türkiyə-Gürcüstan formatında gələcək əməkdaşlıq üçün daha geniş perspektivlər açır. Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb, indi regionda sabitlik var ki, bu da onun investisiya cəlbediciliyini artırır. Bunun fonunda üç ölkə arasında daha da məhsuldar strateji tərəfdaşlıq üçün şərait yaradılır.

"Yaxın Şərq və Qafqazın Tədqiqi" İnstitutunun (IMECS) təsisçisi və baş direktoru Vasili Papava Trend-ə bildirib ki, Azərbaycan-Türkiyə-Gürcüstan formatında biznes forumu üç ölkənin iri biznes nümayəndələrinin görüşü üçün ənənəvi platformadır:

"Qeyd etmək istərdim ki, Türkiyə və Azərbaycan Gürcüstan iqtisadiyyatının əsas investorlarından biridir. Pandemiya dövründə bu ölkələrin Gürcüstan iqtisadiyyatına investisiyalarının sayının azalmasına baxmayaraq, qlobal səviyyədə də investisiyaların ümumi tendensiyası azalıb. Bu biznes forumun keçirilməsi onu deməyə əsas verir ki, tərəflər pandemiyanın yaratdığı mövcud, çətin, qlobal iqtisadi təzyiqi nəzərə alaraq, iqtisadi sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar".

V.Papava bildirib ki, pandemiya şəraitində Gürcüstan iqtisadiyyatına investisiyaların azalması dərəcəsinə baxmayaraq, iqtisadi sahədə əməkdaşlığın davam etdirilməsi və dərinləşdirilməsində maraqlı olan məqamlardan biri də Gürcüstan və Türkiyə arasında əldə olunmuş son razılaşmadır:

"Bu saziş Gürcüstan iqtisadiyyatına sərmayə qoyuluşunu, birgə şirkətlərin yaradılmasını, həmçinin yeni iş yerlərinin yaradılmasını stimullaşdırmaq məqsədi daşıyır. Bundan əlavə, bu müqavilənin imzalanmasından sonra Türkiyənin xammalından Gürcüstanda istehsal olunan məhsulların azad ticarət sazişinə uyğun olaraq Aİ bazarlarına çıxarılacağı açıqlanıb ki, bu da Aİ-yə ixracın vergidən azad edilməsi deməkdir".

Cənubi Qafqaz politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə hesab edir ki, bu biznes forumun keçirilməsi əməkdaşlığın inkişafı və onun konkret məzmunla doldurulması baxımından çox vacibdir:

"Forum üçtərəfli formatda, ola bilsin ki, investisiya əməkdaşlığında da ticari-iqtisadi əməkdaşlığın inkişafına təkan vermək məqsədi daşıyır. Ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi 6 milyard dolları ötüb. Ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi Azərbaycan və Türkiyənin payına düşür. Biz ticarətin strukturunu dəyişməyə və ölkələrimizin iqtisadiyyatında birbaşa xarici investisiyaların payını artırmağa çalışmalıyıq".

Onun sözlərinə görə, Azərbaycan biznesinin son onilliklər ərzində Türkiyə iqtisadiyyatına qoyduğu sərmayələrin sayını xüsusi qeyd etmək lazıdmır:

"Məsələ burasındadır ki, investisiyaların böyük hissəsi enerji sektoruna yönəlib. Bundan əlavə, qeyri-neft sənayesinə investisiya qoyuluşu üçün böyük perspektivlər var. Azərbaycan və Türkiyə Gürcüstanda xidmət sektorunun, xüsusən də turizm biznesinin inkişafına böyük töhfə verib. Həmçinin, qeyri-neft sektoruna investisiya yatırmaq üçün perspektivlər açılır. Azərbaycanda qeyri-neft sənayesi ilə yanaşı, kənd təsərrüfatı sektoru və digər əlaqəli sahələrlə yanaşı investisiya potensialı var. Son zamanlar ölkəmiz qida və yüngül sənayeni fəal şəkildə inkişaf etdirir".

Ekspert hesab edir ki, xüsusilə Qarabağın bərpası layihələri fonunda tikinti materiallarının istehsalı arasında qarşılıqlı əlaqənin böyük perspektivləri var:

"Sənayemizin bu sektoru üçtərəfli qarşılıqlı fəaliyyət fonunda da mühüm istiqamət təşkil edir. Biznesin iqtisadi artımın aparıcı vasitə olduğunu vurğulamaq lazımdır, bu halda ümid edirik ki, bu forum birgə müəssisələrin inkişafı, vençur kapitalı müəssisələrinin aktiv yaradılması və digər sahələrin inkişafına töhfə verəcək".

Bundan əlavə, onun sözlərinə görə, üç ölkənin iş adamları arasında məhsullarının satışı üçün üçüncü ölkələrin bazarlarında əməkdaşlıq imkanı var:

"Türkiyə biznesinin burada ciddi üstünlüyü var. Bu ölkənin öz hüdudlarından kənarda geniş marketinqi var. Azərbaycan və Gürcüstan iş adamları Türkiyə müəssisələrinin, biznes strukturlarının və digər qurumlarının imkanlarından istifadə edə biləcəklər".

Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli platforması uzun müddətdir ki, mövcuddur və belə bir biznes forumun keçirilməsi bu ölkələrin təkcə siyasi deyil, həm də iqtisadi sahədə yaxınlığından xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti