Bakı. Trend:
Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın səfəri ilk növbədə ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı müzakirə olunan məsələlərə həsr olunub.
Bunu Trend-ə Toivo Klaarın mətbuat katibi deyib.
"2021-ci il dekabrın 14-də Brüssledə Aİ Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə yüksək səviyyədə keçirilən görüşlərin davamı olaraq Toivo Klaar hazırda Fransa prezidentinin müşaviri İzabel Dümonla birgə regionda səfərdədədir", - deyə mətbuat katibi bildirib.
Onun sözlərinə görə, T.Klaar və İ.Dümonla yanaşı nümayəndə heyətinin tərkibinə həm Aİ nümayəndələri həm də Aİ-nin hazırkı sədri qismində Fransadan nümayəndələr, o cümlədən Aİ Şurası rəhbərinin xarici siyasət üzrə baş müşaviri Maqdalena Qrono daxildir.
"Bu səfər, ilk növbədə 2021-ci il dekabrın 14-də Aİ Şurasının rəhbəri Şarl Mişelin və dekabrın 15-də Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı müzakirələr zamanı qaldırılan məsələlərə həsr olunub", - o bildirib.
Mətbuat katibi əlavə edib ki, T.Klaar və İ.Dümon Bakıdakı görüşlərdən sonra bu gün Yerevana gedib, orada da həmçinin Ermənistan rəhbərliyi ilə Aİ-nin təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqazın quruculuğu üçün hər iki ölkə ilə gələcək əməkdaşlığını müzakirə edəcək.
(Tərcümə: Orxan Nəbiyev)