...

İyirmi ölkədən beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər edib (FOTO)

Siyasət Materials 16 Fevral 2022 17:11 (UTC +04:00)
İyirmi ölkədən beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər edib (FOTO)

Bakı. Trend:

Fevralın 16-da 20 ölkədən 30-dan çox dünyaşöhrətli beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura səfər edib.

Trend xəbər verir ki, fevralın 18-dək davam edəcək səfər Yer kürəsini müvafiq parametrlər əsasında 1301 regiona bölərək bu sahədə səyyahlar üçün beynəlxalq standartları müəyyənləşdirən dünya miqyaslı “NomadMania” klubunun təşkilatçılığı ilə həyata keçirilir. ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Danimarka, Avstriya, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Macarıstan, Bosniya və Herseqovina, Serbiya, Slovakiya, Ukrayna, Türkiyə, Tailand, Küveyt, Əlcəzair, Avstraliyanı təmsil edən səyyahların səfəri Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başlayıb.

Şuşa ilə yaxından tanışlıqdan sonra bu gün beynəlxalq səyahətçilər Ağdamda olub. Tanınmış fotoqraf Reza Deqati Ağdamın dünəni və bu günü ilə bağlı səyyahlar qarşısında sərgi ilə çıxış edib. İndi işğaldan azad edilmiş digər yerlər kimi, Ağdama da həyat yenidən qayıdır, bərpa və quruculuq işləri sürətlə davam etdirilir.

Beynəlxalq səyahətçilər Qarabağdan sonra Şərqi Zəngəzura səfər edəcək, törədilmiş urbisidi öz gözləri ilə görəcəklər. Həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərlə yerində tanış olacaqlar. Dünya səyyahları fevralın 18-də səfər qeydlərini Bakıda mətbuat konfransı keçirərək ictimaiyyətlə bölüşəcəklər.

Heyətə “NomadMania” klubunun yaradıcısı və rəhbəri, dünyanın 1301 regionundan 1252-də olaraq dünya rekordçusu olan Harry Mitsidis (https://nomadmania.com/master/ALL/0/1/20/0) rəhbərlik edir.

Xatırladaq ki, beynəlxalq səyahət klublarının (ETIC - Extremal Travellers International Congress, MTP - Most Traveller People, TCC -Travelers' Century Club, “Nomadmania”) rəhbərləri bir qrup səyyahla birgə ilk dəfə 2021-ci il sentyabrın 27-də azad edilmiş ərazilərə səfər etmişdilər. On bir ölkədən olan heyət o vaxt kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Füzuli Beynəlxalq Hava Limanına enmiş, azad edilmiş ərazilərdə olmuş və dağıntılara, quruculuq işlərinə şahidlik etmişdilər. Bu dəfə isə səyyahların təmsil olunduğu ölkələrin coğrafiyası 2 dəfə böyüyüb.

Dünyaşöhrətli beynəlxalq səyahətçilərin 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərə bu səfəri həm də tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətini, qısa müddətdə nümayiş etdirdiyi böyük quruculuq potensialını, digər tərəfdən dünyanın biznes və turizm elitasının Qarabağa, Şərqi Zəngəzura, o cümlədən Zəngəzur dəhlizinə getdikcə artan marağını ifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti