...

Moskva bəyannaməsi qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsini ehtiva edir – Deputat

Siyasət Materials 24 Fevral 2022 08:53 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə zamanında imzalanan bir sənəddir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bəyannamədə Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə münasibətlərin inkişaf etdirilməsi öz əksini tapıb.

“Bu bəyannamə beynəlxaq qanunlar və iki ölkənin milli maraqları əsasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsini ehtiva edir. Bu bəyannamə cənab Prezident İlham Əliyevin həm beynəlxalq münasibətlərin, həm də dövlətləarası münasibətlərin düzgün təşkili və inkişafı istiqamətində atdığı növbəti uğurlu addımdır.

44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, cənab Prezident nəyi nə zaman və düzgün etməyi yaxşı bilir. Bu baxımdan hesab edirəm ki, Rusiya ilə imzalanan bəyannamə də vaxtında imzalanan bir sənəddir. Bu bəyannamə bundan sonra da Azərbaycan ilə Rusiya arasında əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcək”, - deyə A.Həsənova vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycan və Rusiya arasında münasibətlərin uzun tarixi var və bu gün də bu münasibətlər dinamik inkişafdadır.

“Bu gün Azərbaycanla Rusiya arasında mövcud olan ikitərəfli münasibətlər yeni səviyyəyə yüksəlib. Bu münasibətlərin daha dərinləşdirilməsi üçün yeni sazişlərin, müqavilələrin imzalanması günün tələbidir.

İki ölkə arasında münasibətlərin daha da inkişafına həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan etibarlı dostluq əlaqələri mühüm təsir edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevi 60 illik yubileyi ilə təbrik edən Prezident Vladimir Putin xüsusi olaraq vurğulamışdı ki, İlham Əliyevin əsas məqsədi xalqının, ölkəsinin yaxşı yaşamasıdır və buna çalışır, onunla mühüm məsələlərdə razılığa gəlmək çətin olsa belə, nədəsə razılığa gəlirsənsə, tama əmin ola bilərsən ki, vəd yerinə yetiriləcəkdir.

Əlbəttə dövlət başçıları arasında bu cür səmimi və etibarlı münasibətlərin olması həm də xalqların sülh, təhlükəsizlik və firavan şəraitdə rahat yaşaması üçün zəruridir”, - deyə deputat əlavə edib.

O vurğulayıb ki, bu bəyannamə təkcə iki ölkə üçün deyil, ümumilikdə bütün region üçün faydalıdır və regionda iqtisadi inkişafa, sülhün və təhlükəsizliyin təmin edilməsinə əlavə zəmant verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti