Bakı. Trend:
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi məlum sərsəm və təxribat xarakterli çıxışı Azərbaycan ictimaiyyətinin, o cümlədən Səfirlik əməkdaşlarının da ciddi narahatlıq və narazılığına səbəb olmuşdur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin məlumatında deyilir.
"29 mart tarixində Rusiya Federasiyası Prezidentinin mətbuat
katibi Dmitri Peskov Mixail Delyaqinin fikirlərini şərh edərkən,
onu emosiyalarını cilovlamağa və Azərbaycana münasibətdə dost
olmayan bəyanatlardan çəkinməyə çağırmışdır. Bundan əlavə, o, qeyd
etmişdir ki, bu açıqlama Rusiya Federasiyasının rəsmi mövqeyinə heç
bir halda cavab vermir və verə də bilməz. Rusiyanın Qarabağda
sülhün dəstəklənməsi və tərəflərin öz
üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi üçün böyük səy
göstərdiyi bir vaxtda Mixail Delyaqinin bu cür ritorikadan
çəkinməli olduğunu vurğulamışdır.
Həmçinin, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat üçün keçirdiyi ənənəvi brifinq zamanı Dmitri Peskovun açıqlaması ilə həmfikir olduqlarını söyləmiş, istənilən bu kimi bəyanatların qəbuledilməz və məsuliyyətsiz olduğunu diqqətə çatdırmışdır. Azərbaycanla qarşılıqlı müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını hədəf qoymuş Rusiya Federasiyasının, onun rəhbərliyinin mövqeyini əks etdirmədiyini bildirmişdir. Həmçinin Rusiya XİN-in rəsmisi Dövlət Dumasının rəhbərliyi tərəfindən də belə təxribat xarakterli açıqlamalara qiymət veriləcəyinə əminliyini ifadə etmişdir.
Bundan əlavə, “Spravedlivaya Rossiya” partiyasının rəyasət
heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı
Oleq Şein tərəfindən Səfir Polad Bülbüloğlunun adına məktub
ünvanlanmışdır. Məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş
Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının
deputatı Mixail Delyaqinin Rusiya
televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyir,
soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan
xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayır.
Eyni zamanda, Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə daxil olan bir şəxs kimi gələcəkdə belə insidentlərin baş verməməsi üçün müvafiq addımlar atdığını da bildirir.
Səfir Polad Bülbüloğlu “Rossiya 1” kanalının daxil olduğu Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığı çatdırmış və belə halların qəbuledilməz olduğu vurğulamışdır. Göstərilmiş səylər nəticəsində Mixail Delyaqin də bu gün Rusiya rəsmiləri tərəfindən ona verilmiş məsləhətləri qəbul etdiyini açıqlamış, səsləndirdiyi fikirlərinə görə peşman olduğunu bildirərək üzr istəmiş və belə addımı şou naminə atdığını söyləmişdir", - məlumatda qeyd edilir.