...

Prezident İlham Əliyev: Biz istifadə edəndə “Bayraktar” dronlarını xarici ekspertlər və mətbuat ölüm silahı kimi qələmə verirdilər, indi isə mələk adlandırırlar

Siyasət Materials 12 Aprel 2022 23:51 (UTC +04:00)
Prezident İlham Əliyev: Biz istifadə edəndə “Bayraktar” dronlarını xarici ekspertlər və mətbuat ölüm silahı kimi qələmə verirdilər, indi isə mələk adlandırırlar

Bakı. Trend:

Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı bildirib:

"Xarici ticarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Əlbəttə, burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb – 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. Mən başqa ölkələrlə Azərbaycanı heç vaxt müqayisə etməmişəm. Amma inanmıram ki, bir çox ölkələrdə buna oxşar statistika olsun. Əlbəttə, xarici ticarət dövriyyəmiz artıb və xarici dövlət borcumuz azalıb. Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni, biz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Mən vaxtilə qarşıya vəzifə qoymuşdum ki, biz kreditlərin alınmasına çox böyük ehtiyatla yanaşmalıyıq. Eyni zamanda, dövlət şirkətləri hansılar ki, vaxtilə heç kimdən soruşmadan özbaşına müxtəlif kreditlər götürürdülər. Sonra da bu kreditləri qaytara bilməyəndə bu ödəniş dövlətin üzərinə düşürdü. Eyni zamanda, çox qeyri-şəffaf mənzərə müşahidə olunurdu. Buna da son qoyuldu. İndi heç bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit götürə bilməz. Hər götürülən kredit də hökumət tərəfindən təsdiqlənir və kreditləri biz ancaq vacib olan layihələrə cəlb etməliyik, yüksək texnoloji komponenti olan layihələrə, eyni zamanda, azad edilmiş torpaqlarda həyata keçirilən layihələrə. Digər layihələrə kreditlərin verilməsinə ehtiyac yoxdur. Məhz buna görə biz xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə, həm ümumi daxili məhsula nisbətdə azaltmışıq. Təbii ki, ümumi daxili məhsul da artıb və hələ ki, mən rəqəm səsləndirmək istəmirəm. Amma hesab edirəm ki, əgər biz bu templərlə inkişafı davam etsək, ilin sonuna qədər çox əhəmiyyətli bir artım olacaqdır. Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Yəni, bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir - bizim ixracımız idxalı üstələyir. Əlbəttə ki, ilin sonuna qədər əminəm bu rəqəm daha da artacaq. Həm makroiqtisadi sabitliyə bunun əvəzolunmaz təsiri var, eyni zamanda, valyuta ehtiyatlarımızın artması da göz qabağındadır. Üç ayda da valyuta ehtiyatlarımız artıb. Ona görə, bütün bu göstəricilərlə biz haqlı olaraq fəxr edə bilərik. Amma o demək deyil ki, biz bu nailiyyətlərlə kifayətlənməliyik. Yox. İndi dünyada proseslər mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var. Dünyada ərzaq qıtlığı ola bilər, ərzaq qiymətləri qalxır. Biz bu gün bu haqda da danışacağıq. Onu da bildirməliyəm ki, biz bütün bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik. Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik. Bunu mən xüsusilə qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra, - Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı, - donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir. İndi yenə də İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salmaq kifayətdir. O vaxt Marşal planı tətbiq edilmişdir. Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Hətta ölkələrin əksəriyyəti işğalı işğal kimi adlandırmaq istəmirdilər. Mənim yadımdadır, işğal dövründə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ikitərəfli formatda apardığımız danışıqlar əsnasında biz güc-bəla ilə, zorla ölkəmizin ərazi bütövlüyü prinsipini o bəyannamələrə saldırırdıq. Bir çoxları imtina edirdi. Halbuki bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik, bax, budur. Biz bunu bu gün də görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur. Bu, reallıqdır. Biz isə öz gücümüzlə yeni reallıq yaratmışıq və yaradırıq. Ona görə bir daha demək istəyirəm ki, mən hələ də ümid edirəm, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçiliklə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları bir nəzər yetirəcəklər. Ağdam Qafqazın Xirosimasıdır. Bunu mən yox, beynəlxalq mütəxəssislər deyir. Ağdam kimi bütün şəhərlər ermənilər tərəfindən yerlə-yeksan edilib. Biz heç kimdən bir manat almamışıq. Ancaq bu ədalətsizliklə barışmaq da olmaz. Mən hesab edirəm ki, bizim qurumlarımız, hökumət, Prezident Administrasiyası, nazirliklər, hərə öz xətti ilə bu məsələ ilə bağlı gərək ciddi fəaliyyət göstərsin. Yardım göstərmək istəmirlərsə, desinlər ki, biz sizə yardım etməyəcəyik. Biz də işimizi bilək. Yəni, müharibədən təxminən bir il yarım keçibdir. Bir fond belə bizə heç bir yardım göstərməyib. Minaların təmizlənməsi ilə bağlı - müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər. Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar. Bir sözlə, bu mənzərə hər şeyi necə deyərlər, göstərir. Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər əminəm ki, ilin sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar var. Beləliklə, biz bu ili də uğurla başa vuracağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti