...

Tarixinə sahib çıxan, dilini, milli-mənəvi dəyərlərini qoruyan xalq məğlubedilməzdir - Vüqar Rəhimzadə

Siyasət Materials 21 Aprel 2022 17:53 (UTC +04:00)
Tarixinə sahib çıxan, dilini, milli-mənəvi dəyərlərini qoruyan xalq məğlubedilməzdir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətçiliyimizin qorunmasına və möhkəmləndirilməsinə, milli kimliyimizin, varlığımızın təqdimatına xidmət edən addımlarla zəngindir. İllər keçdikcə hər bir hadisənin önəmi, Azərbaycanın bugünü və gələcəyi üçün əhəmiyyəti özünü daha aydın şəkildə büruzə verir. Bu məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Liderin hakimiyyətinin birinci dövründə gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin nəticəsidir ki, 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Həmin dövrün reallıqları baxımından sözün əsl mənasında böyük cəsarət tələb edən bu addım məhz gələcəyin yeni, müstəqil Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərimizin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin Ümumittifaq miqyasında ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri- bütün bunlar ulu öndər Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən ulu öndər Heydər Əliyev dilimizin xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan vasitə olduğunu bildirmişdir. Azərbaycan dilinin dövlət dili statusu daşıması uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider xalqı, onun aparıcı zümrəsi olan ziyalıları ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər etmişdir. Ulu öndər Heydər Əliyev SSRİ Konstitusiyası haqqında danışarkən bildirmişdir ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi vurğulayıb ki, 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür: "Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» müdrik sözləri ilə torpaq, Vətən sevgisini, Azərbaycan dilinə məhəbbətini ifadə edən ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ana dilimizə qayğını dövlətimizin əsas siyasi-ideoloji vəzifəsi hesab etmişdir. Ümummilli Liderimiz «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalamaqla ədəbi dilimizin fəaliyyət imkanlarını daha da genişləndirmişdir. Bu sənədə əsasən ölkəmiz Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Ulu Öndərin «Azərbaycan dilinin təkmilləşdirilməsi haqqında» Fərmanı da dahi rəhbərin dilimizə olan bağlılığından, onu yad təsirlərdən qorumaq istəyindən irəli gəlmişdi".

“Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin təkmilləşdirilməsi, saflığının qorunması istiqamətində atdığı addımlar göz önündədir” deyən Vüqar Rəhimzadə xatırladıb ki, dövlət başçısı «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan həlli vacib prioritetləri müəyyənləşdirdi: “Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi. Dövlət başçısının 1 noyabr 2018-ci il tarixli «Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» Fərmanında ana dilimizin qorunması üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapmışdır".

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, Azərbaycan xalqı daim milli kökünə, tarixinə, mədəniyyətinə bağlılığını nümayiş etdirmiş, bu amillərin təbliği istiqamətində davamlı addımları ilə beynəlxalq aləmdə qazandığı nüfuzu daha da möhkəmləndirmişdir: "Dövlət başçısı İlham Əliyevin gənclərlə bütün görüşlərində, həmçinin yeni vəzifələrə təyin olunan gənc kadrları qəbul edərkən bu mühüm məqamı xüsusi qeyd edir ki, dövlətçiliyin qorunması prioritetdir. Gənclərimiz hər zaman milli ruhda tərbiyə olunmalı, öz milli-mənəvi dəyərlərini, tarixini öyrənməli, qorumalı və gələcək nəsillərə çatdırmalıdırlar. Bu məqam da önə çəkilir ki, Azərbaycan uzun illər keçmiş İttifaqın tərkibində olsa da hər zaman milli xüsusiyyətlərini, milli kimliyini qoruyub. Milli dəyərlərimiz ümumbəşəri dəyərlər əsasında qurulub. Başqa dilə, mədəniyyətə, dinə, tarixə hörmət öz mədəniyyətinə, tarixinə, dilinə, dininə olan hörmətdən başlamalıdır. Azərbaycanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi bir daha xalqımızın tariximizə, milli-mənəvi dəyərlərimizə, dilimizə bağlılığına işıq saldı. Bu fikri böyük inamla qeyd edirik ki, Azərbaycan ənənələri olan ölkə kimi dünya birliyinin fəal üzvünə çevrilib, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələrini genişləndirməklə sözünün imzası qədər önəmi olduğunu bir daha beynəlxalq aləmə təqdim edir. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfəri ilə tarixinə sahib çıxan xalq kimi özünü bir daha təsdiqlədi. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculq işləri çərçivəsində tarixi və dini abidələrimizin bərpasına xüsusi önəm verilməsi də dəyərlərimizə bağlılığımızın təqdimatıdır".

Vüqar Rəhimzadə bu məqamı da vurğulayıb ki, tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən Azərbaycanda yaşayan xalqların, millətlərin nümayəndələri də dilimizə daim böyük hörmətlə yanaşır, öyrənilməsinə maraq göstərirlər: "Dilimizi sevək ki, kimliyimizi, varlığımızı qoruyaq. 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız əyilmədi, kimliyimizi, qürurumuzu qorudu. Bütün bu uğurlarımızın fonunda bir daha böyük fəxr və inam hissi ilə qeyd edirik ki, tarixi Zəfərimiz Azərbaycanı qalib ölkə, xalqımızı məğrur, yenilməz xalq kimi tarixə yazdı. Tarixinə sahib çıxan, dilini, milli-mənəvi dəyərlərini qoruyan xalq məğlubedilməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti