...

Prezident İlham Əliyev: Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik

Siyasət Materials 22 Aprel 2022 14:23 (UTC +04:00)
Prezident İlham Əliyev: Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik

Bakı. Trend:

Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib:

"İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir. Ermənistanın məhv edilmiş silah-sursatının, texnikasının və qənimət götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir. O başqa məsələdir ki, kasıb ölkə bu pulu haradan əldə edib. Ancaq demək olar ki, Ermənistan ordusu yoxdur. Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü, onların özlərinin etirafına görə, 10 min fərari olmuşdur Ermənistan ordusunda. Azərbaycan Ordusunda bir dənə də fərari olmamışdır. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi. Mən bilirəm ki, siz və sizin kimi xaricdə yaşayan milyonlarla azərbaycanlı hərə öz ölkəsində həm müharibənin gedişatını yaxından izləyirdiniz, eyni zamanda, öz çıxışlarınızda, öz şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız. Buna bu gün də ehtiyac var. Bu gün də ehtiyac var, çünki müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Mən əminəm ki, bu da başa çatacaq. Əminəm ki, biz postmüharibə dövründə göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik. Ancaq bu gün hələ ki, bu iddialar var və biz buna hazır olmalıyıq. Biz müharibə dövründə - cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişik. Məhz buna görə Ermənistan məcbur olub və noyabrın 10-da - noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək. Halbuki əgər onlar müharibənin ilk günlərində dediyim sözlərimə əməl etsəydilər və bizə işğal edilmiş torpaqlardan onların çıxarılmasının tarixini, cədvəlini versəydilər, müharibə daha tez dayana bilərdi. Mən müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, nə vaxt torpaqlarımızdan çıxır və həmin an biz müharibəni dayandırmağa hazırıq. Belə də oldu. Ancaq məcburən bunu etdilər. Qırx dörd gün ərzində tamamilə məhv edilmiş Ermənistan ordusu və Ermənistan dövləti faktiki olaraq uçurum kənarında idi. Məcburən noyabrın 10-da kapitulyasiya aktı imzaladı və biz bir güllə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytardıq. Beləliklə, biz müharibəni hərbi-siyasi yollarla həll etdik. Yenə də deyirəm, təkbaşına, heç bir vasitəçi olmadan".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti