Bakı. Trend:
Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası milli müdafiə nazirinin müavini cənab Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu qeyd edərək Azərbaycanın müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini və bunun bölgədəki sabitliyi təmin edən mühüm amillərdən olduğunu bildirib.
Hər iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət
başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığı, bütün
sahələrdə olduğu kimi hərbi sahədə də qardaş Türkiyənin göstərdiyi
dəstəyin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Türkiyənin milli müdafiə nazirinin müavini isə öz növbəsində
Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək
ölkələrimiz arasında hərbi sahədə birgə sənayenin inkişaf
etdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini
vurğulayıb.
Bakıda keçirilən "Texnofest Azərbaycan" festivalının xüsusi
əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf
perspektivləri və əsas istiqamətləri müzakirə edilib.