Bakı. Trend:
Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.
İyunun 13-də Dövlət Gömrük Komitəsində Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti sədrinin müavini Almaz Saliyevin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərdən bəhs edib, iki ölkənin eyni tarixi köklərə və dəyərlərə sahib olduğunu vurğulayıb. Komitə sədrinin müavini Azərbaycan və Qırğızıstan rəhbərləri arasında dostluq münasibətlərinin bütün sahələrdə, o cümlədən gömrük sferasında səmərəli və işgüzar əlaqələrin qurulmasına şərait yaratdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, gömrük sahəsində səmərəli əməkdaşlıq Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artırılması və Şərq-Qərb nəqliyyat dəhlizi üzərindən tranzitin inkişafı üçün mühüm imkanlar yaradıb.
Azərbaycan gömrüyündə həyata keçirilən islahatlardan da danışan İqbal Babayev bildirib ki, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi ilə reallaşdırılan yeniliklər hesabına beynəlxalq ticarətin asanlaşdırılması, tranzitin inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. O da qeyd olunub ki, gömrük sahəsində beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verən Azərbaycan gömrüyü əldə etdiyi qabaqcıl təcrübəni bir sıra ölkələrlə paylaşır və Qırğızıstanla da bu istiqamətdə səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün zəruri addımlar atılacaq.
Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük
Xidməti sədrinin müavini Almaz Saliyev səmimi görüşə və
qonaqpərvərliyə görə təşəkkürünü bildirib, iki ölkənin gömrük
orqanları arasında səmərəli əməkdaşlığın yüksək səviyyədə olduğunu
vurğulayıb.
Almaz Salıyev Qırğızıstanda gömrük sisteminin inkişafı üçün xüsusi
proqram hazırlandığını və bir sıra ölkələrin təcrübələrinin
öyrənildiyini bildirib. Azərbaycan gömrüyünün əldə etdiyi qabaqcıl
təcrübənin ölkəsində tətbiqinin daha faydalı olacağına
əminliklərini ifadə edən qonaq, bu məqsədlə nümayəndə heyətinin
tərkibinə aparıcı sahələrin mütəxəssislərinin daxil edildiyini
diqqətə çatdırıb.
Görüşdə, eyni zamanda gömrük sistemində informasiya-kommunikasiya texnologiyaları, risklərin idarəolunması sisteminin tətbiqi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Görüşdən sonra nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin “Hədəf” Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qırğızıstan nümayəndə heyətinin ölkəmizə səfəri iyunun 17-dək
davam edəcək.
Səfər zamanı qonaqlar Azərbaycan gömrük xidmətinin əldə etdiyi
qabaqcıl təcrübəni öyrənmək məqsədilə bir sıra görüşlər keçirəcək,
eyni zamanda ərazi və ixtisaslaşmış gömrük orqanlarında tətbiq
olunan yeniliklərlə yaxından tanış olacaqlar.