...

Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafında ənənəvi olaraq ön sıralardadır - ekspertlər

Siyasət Materials 23 İyun 2022 08:00 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafında ənənəvi olaraq ön sıralardadır - ekspertlər
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib. Səfər zamanı ikitərəfli görüşlər keçirilib, iki ölkə arasında əlaqələrin gələcək inkişafını müəyyən edən bir sıra mühüm sənədlər imzalanıb.

Avrasiyalı ekspert, yazıçı, kulturoloq, filosof, "Sivilizasiyaların Dialoqu" Mərkəzinin direktoru Fəridun Usmonov Trend-ə bildirib ki, tərəflər arasında əldə olunan əsas razılaşmalardan biri qarşılıqlı ticarətin artırılması, işgüzar regional əlaqələrin gücləndirilməsi, həmçinin birgə investisiya layihələrinin təşviqi istiqamətində işlərin gücləndirilməsi barədə razılaşma olub.

“Həmçinin mühüm sənədlərdən biri məhz nəqliyyat və logistika sahəsində əməkdaşlıq haqqında sazişdir. Bu, həm Özbəkistan, həm də Azərbaycan üçün çox vacibdir", - o, bildirib.

Qarşılıqlı ticarətin artırılmasına dair sazişləri şərh edən Usmanov qeyd edib ki, ölkələr başa düşürlər ki, bütün mövcud potensialla onlar arasında ticarət dövriyyəsi kifayət qədər aşağı səviyyədə qalır.

"Ümumilikdə, azalma və yüksəlişlərin olmasına baxmayaraq, ticarət dövriyyəsi 30-40 milyon səviyyəsində qalır ki, bu da iki ölkənin iqtisadiyyatında və ticarət əlaqələrində malik olduğu real potensialı əks etdirmir. Təsadüfi deyil ki, Azərbaycan və Özbəkistan rəhbərliyi 500 milyon dollarlıq ticarət dövriyyəsinə nail olmaq vəzifəsini qarşıya qoydu", - ekspert vurğuladı.

F. Usmanov həmçinin qeyd etdi ki, son onilliklər ərzində Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə müəssisələrin sayı xeyli artıb.

"Bu rəqəm 2000-ci illərdəki 40-dan 2022-ci ilin əvvəlində 180-ə yüksəlib. Bu, iki ölkənin işgüzar dairələrinin əməkdaşlığa yüksək marağından xəbər verir", - o, bildirib.

F. Usmanov qeyd edib ki,iki ölkə arasında ənənəvi olaraq dostluq münasibətləri mövcuddur. Özbəkistan və Azərbaycan öz müstəqilliyi dövründə bir-biri ilə dostluq və tərəfdaşlığa sadiq olduqlarını ifadə ediblər, Özbəkistan ardıcıl olaraq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi nəzərə alınmaqla həllinin tərəfdarı olub. Azərbaycan isə Özbəkistanın Əfqanıstan problemi ilə bağlı təşəbbüslərini daim dəstəkləyib, ekspert vurğulayıb.

O, həmçinin, qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafında ənənəvi olaraq ön sıralardadır.

"Biz görürük ki, Azərbaycan mütəmadi olaraq bu ölkələr arasında, o cümlədən Özbəkistandan olan biznes tərəfdaşlarını da cəlb etməklə təşəbbüslərlə çıxış edir. Aydındır ki, əməkdaşlığın əsas amillərindən biri nəqliyyat sektorunda, logistika sahəsində əməkdaşlıqdır və Azərbaycan dəfələrlə Bakı limanının Mərkəzi Asiya ölkələrindən, xüsusən də Özbəkistandan gələn məhsullar üçün tranzit dəhliz rolunu oynamağa hazır olduğunu vurğulamışdır", - F. Usmanov vurğulayıb.

Fikrini tamamlayaraq ekspert əlavə edib ki, hər iki ölkənin qarşılıqlı təmasların hazırkı səviyyəsini qoruyub saxlaması və gələcəyə diqqət yetirməklə həm ikitərəfli, həm də regional əlaqələrin inkişafı üçün zəmin yaratması son dərəcə vacibdir.

Öz növbəsində, politoloq, “Bilim Karvoni” qeyri-dövlət elm və təhsil müəssisəsinin direktoru Fərhod Tolipov Trend-ə bildirib ki, ənənəvi ticarət-iqtisadi əməkdaşlıq məsələlərindən əlavə, Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın geosiyasi müstəvisi var.

Onun sözlərinə görə, hərbi və hərbi-siyasi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunur.

"Cənubi Qafqaz regionu transkontinental yükdaşımaları və dövlətlərarası kommunikasiyalar sistemində tranzit qovşağı kimi yeni geosiyasi status qazanır", - F. Tolipov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti