...

Azərbaycanın xarici siyasəti hər mərhələdə məqsədyönlü, təşəbbüskar xarakter daşıyır - ŞƏRH

Siyasət Materials 17 İyul 2022 19:00 (UTC +04:00)
Azərbaycanın xarici siyasəti hər mərhələdə məqsədyönlü, təşəbbüskar xarakter daşıyır - ŞƏRH

Bakı. Trend:

Prezident İlham Əliyevin 2022-ci ilin ilk 6 ayının yekunlarına həsr olunan müşavirədəki çıxışını bir neçə mühüm aspektlərə bölmək olar - xarici siyasətdə əldə edilən uğurlar, ərzaq təhlükəsizliyinin təminatı, regionun sabitliyinin gücləndirilməsi, nəqliyyat infrastrukturlarının açılması, ordu quruculuğunun davamiyyəti, yeni silahlarla, hərbi texnikalarla təchizat, eləcə də müharibə veteranlarının sosial təminatlarının qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilməsi. Lakin ən əsas amil Cənubi Qafqaz bölgəsində sülhün, tərəqqinin əldə edilməsi, yeni səhifənin açılmasıdır.

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı əsas olaraq məğlub Ermənistanın 44 günlük müharibədən sonrakı müddətdə əldə olunmuş razılaşmalara əməl etməməsi faktına toxundu və xatırlatdı ki, bu günə qədər Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin qalması yolverilməzdir: "Bu xüsusda, cənab İlham Əliyev Rusiya sülhməramlılarının fəaliyyətlərindəki neqativliklərə də toxundu, həmçinin üçtərəfli Bəyanatda irəli sürülmüş şərtlərin realizəsinin vacibliyi barədə danışdı, yəni qeyd etdi ki, Bəyanata imza atan tərəflər öz imzalarına hörmətlə yanaşmalıdırlar. O da əbəs deyil ki, dövlət başçısı Rusiya MN-nin hələ iyun ayının ortalarında qanunsuz erməni hərbi birləşmələrinin Qarabağ ərazisindən çıxarılacaqları barədə verdikləri sözü xatırlatdı. Halbuki artıq iyul ayının ortalarında və vaxt da sürətlə keçməkdədir.

Düşünürəm ki, burada Rusiya tərəfinə də mesaj göndərildi ki, Bəyanatın imzalanmasından 20 aydan da artıq vaxt keçməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yalnız Azərbaycan birtərəfli qaydada realizə edir, belə isə davam edə bilməz. Ölkə başçısı Ermənistanla yanaşı, Rusiyaya da kifayət qədər ciddi ismarıclarını göndərdi, bununla regionun yalnız siyasi cəhətdən deyil, həm də iqtisadi cəhətdən məcraya düşməsi yönündə təcili addımların atılmalı olduğunu vurğuladı".

Bəhruz Quliyev hesab edir ki, Prezident İlham Əliyev yerdə qalan müddətdə rəsmi Bakının təmkin nümayiş etdirməyəcəyi anonsunu verdi: "Bildiyimiz kimi, Gürcüstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşləri keçirildi yəqin ki, həmin görüşün təfərrüatları barədə məlumatlar olacaq. Ancaq ilk başdan məlumdur ki, Bakı Tiflisdə İrəvana son xəbərdarlığını irəli sürüb. Əbəs deyil ki, dövlətimizin başçısı müşavirədə "Qarabağda Ermənistan silahlı qüvvələri qalmaqdadır və onlar öz qoşunlarını çıxarmaq istəmirlərsə bunu açıq şəkildə bizə desinlər və biz də öz işimizi bilək", deyə fikirlərini irəli sürdü. Məhz bu fikir öz konteksti cərçivəsində XİN rəhbərləri arasında müzakirə olunub. Düşünürəm ki, bundan sonrakı müddətdə İrəvanın iki yolu qalır - ya üzərinə düşən öhdəliklərini yerinə yetirmək, ya da Azərbaycan Ordusunun gücünü yenidən dadmaq. Artıq top Ermənistan sahəsindədir və erməni tərəfi öz müqəddəratları barədə fikirləşib, nəticə hasil etməlidir".

Siyasi ekspert Prezident İlham Əliyevin ordu quruculuğu konsepsiyasına da xüsusi olaraq toxundu və hərbi sənayenin, eyni zamanda müasir ordu quruculuğunun davam edəcəyini vurğuladı: "Bu, o deməkdir ki, Azərbaycan dövləti daim və istənilən anda yaranan təhlükələrə hazır olmalıdır. Belə ki, dövlət başçımız müharibənin və işğala uğramağın nə demək olduğunu da xatırlatdı. Bu xatırlatma isə belə qənaətə gəlməyə zəmin yaradır ki, təhlükə hər zaman var, onun qarşısını alacaq əsas qüvvə isə şanlı Azərbaycan Ordusudur. Artıq regional qonşularımız da, beynəlxalq dairələr də bu reallığı dərk edirlər".

"Bütün bunlar həm də onu təsdiq edir ki, digər mühüm məsələlərə də toxunan Prezident İlham Əliyev bütövlükdə hər bir amilə şəxsi diqqətini ayırır və ən əsası verilən tapşırıqların icrasını da şəxsən təftiş edir", deyən "Səs" qəzetinin baş redaktoru qarşıdakı vaxtlarda daha böyük uğurlara imza atılacağını qeyd etdi: "Hesab edirəm ki, müstəqil, qətiyyətli siyasət həyata keçirən Azərbaycan dövləti yalnız regional gücə deyil, bütövlükdə beynəlxalq güc mərkəzinə çevrilib və biz bütün bu gerçəkliklərə haqqında bəhs etdiyimiz müşavirədə şahidi olduq".

Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev isə qeyd edib ki, 6 ayın yekun müşavirəsində Prezident İlham Əliyevin çıxışı bütün istiqamətlərdə dövlət siyasətinin əsas cari yekunlarını ifadə etmək və sonrakı mərhələnin strateji hədəflərini müəyyən etməkdə çox əhəmiyyətli təsirə malikdir:

"Vətən müharibəsindən əvvəl və ondan sonra dövlətimizin siyasətinin motivlərində və məzmununda fərqli özəlliklərin yarandığı şübhəsizdir və bu xarakterik əlamət özünü xarici siyasət sahəsində daha qabarıq göstərir. Müşavirədə Prezidentin xarici siyasətin təhlili və yeni məqsədləri üzərində daha təfərrüatlı dayanması təsadüf deyil və İlham Əliyevin yeni diplomatik hədəflərə malik olduğunu göstərir. Müharibədən əvvəl xarici siyasətimizin əsas strategiyası dövlətlərin və beynəlxalq təşkilatların gücünü Qarabağ probleminin həllinə yönəltmək idisə, müharibədən sonra strategiya dəyişdi. Prezidentin müşavirədə çox haqlı qeyd etdiyi kimi,əsas ölkələr və beynəlxalq təşkilatlar yeni reallıqlar və Azərbaycanın təklifləri əsasında sazişin imzslanmasını bölgədə möhkəm sülhün əsas şərti kimi qəbul edirlər. Prezident müharibədən əvvəlki xarici siyasətin Qarabağ zəfəri üçün möhkəm hüquqi-siyasi baza yaratdığını inandırıcı arqumentlərlə izah etdi.Bir daha göstərildi ki, Azərbaycanın xarici siyasəti hər etapda məqsədyönlü,təşəbbüskar xarakter daşıyır.Prezident məhz əldə edilmiş nəticələrə əsaslanaraq "biz vaxtında təşəbbüslərimizi göstərməsəydik bunlara yetişə bilməzdik" kimi məzmunda fikir işlətdi".

A.Quliyev bildirib ki, Prezident İlham Əliyev əldə edilmiş üçtərəfli razılaşmaların icra vəziyyətinə olduqca obyektiv və cəsarətli, lakin çox vacib tənqidi mövqeyini ortaya qoydu.

"Heç kim şübhə etməsin ki, Prezident İlham Əliyevin sərrast tənqidi yanaşmaları Ermənistanın hər üsulla yayınmağa çalışdığı razılaşmaların icrasını yalnız sürətləndirə bilər. Ermənistanla razılaşmaların ləng icrası barədə Prezident İlham Əliyevin konkret tənqidləri yaradıcı,islahedici və yönəldici təsirə malikdir. Prezident İlham Əliyevin çox təəssüflə ifadə etdiyi "neqativ təzahürlər çoxdur"eyhamından Ermənistan və onun havadarları mütləq lazımı nəticəni çıxaracaqlar.Son vaxtlar Ermənistanın dövlət və siyasi elitası postmüharibə proseslərinin və razılaşmaların icrasında Azərbaycanı davamlı şəkildə qaralamağa çalışır,ölkəmizi guya etibarsız tərəf kimi göstərməyə çalışır.Eşidirik ki, ermənilər Azərbaycanın guya müharibəyə hazırlaşdığı,münaqişənu guya sərhədlərə keçirməyə cəhd etdiyi barədə tez-tez hekayələr uydururlar .İlham Əliyev postmüaribə dövrü üçün Azərbaycanın və Ermənistanın dövlət siyasətləri arasında fərqi o qədər dəqiq izah etdi ki,bunu Ermənistanın ifşası da hesab etmək olar.Prezident İlham Əliyev Minsk Qrupu ilə bağlı Ermənistanın siyasətinin əsil mahiyyətini bir daha ifadə etdi və çox dəqiq olaraq ded ki, Minsk Qrupu həmsədrləri barədə Ermənistanın siyasətinin arxasında hələ son qoyulmamış ərazi iddiaları var. Prezidentin bu fikirləri təcavüzkar ölkənin siyasətinə strateji ifşa həmləsidir.Prezident dünyaya bir daha mesaj verdi ki, Ermənistanın yalanlarına və ikiüzlü siyasətinə uymaq olmaz, Prezident göstərdi ki, Ermənistanın həm ərazi iddialarından guya geri çəkilməsi,həm də Minsk Qrupundan danışması iküzlü siyasətdən başqa bir şey deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti